Noyabrın 26-da Heydər Əliyev Sarayında Xalq artisti Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımovanın iştirakı ilə “Şəbi-hicran” konsert-tamaşası təqdim edilib.

Kompozisiya Məhəmməd Füzulinin ölməz əsəri – “Leyli və Məcnun” poemasının motivləri əsasında hazırlanıb.

Konsert-tamaşada Alim Qasımov və Fərqanə Qasımova ilə yanaşı, Cavad Nur və Jalə Novruzova da çıxış ediblər. Muğam və klassik poeziya həvəskarlarına zəngin və çoxqatlı bir sənət təcrübəsi təqdim olunub.

Quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, plastik həllin müəllifi Əməkdar artist Bəhruz Vaqifoğlu olan kompozisiya muğamın və teatrın dilini mükəmməl şəkildə sintez edərək, Füzuli poeziyasını çağdaş səhnəyə daşıyıb.

İfaçıları Əməkdar artist Nərgiz Əliyevanın bədii rəhbərliyi ilə “Qarabağ” orkestri müşayiət edib. Tarda Zəki Vəliyev, kamançada Rauf İslamov, nəfəs alətlərində Rəfael Əsgərov və zərb alətlərində Cavidan Nəbiyev çıxış edərək musiqi harmoniyasını tamamlayıblar.

Anşlaqla keçən tamaşada Füzuli poeziyasının Alim və Fərqanə Qasımovların səsində vəhdəti həm vizual, həm də emosional olaraq seyrçilərə dərin təsir bağışlayıb.