“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin idarə heyətinin sədri Rüfət Mahmud 24–26 noyabr tarixlərində İstanbulda keçirilən “Beynəlxalq simpozium: Milli sarayların yüz ili” adlı beynəlxalq simpoziumda iştirak edib.
Qoruq idarəsinin yaydığı məlumatda bildirilir ki, tarixi-mədəni irsin qorunması, abidələrin bərpası və muzeyləşdirilməsi sahəsində beynəlxalq təcrübənin müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb edən tədbirdə dünyanın müxtəlif ölkələrindən saray muzeyləri və tarix-mədəniyyət qoruqlarının rəhbərləri, eləcə də elm adamları iştirak ediblər.
Simpoziumda irs abidələrinin idarə olunması, bərpası, davamlı inkişafı, muzeyləşdirmə və muzey kolleksiyalarının qorunması mövzusunda məruzələr təqdim edilib.
Tədbir çərçivəsində təşkil olunan sessiyada Rüfət Mahmud “Mühafizədən təqdimata: İçərişəhərin abidələrinin muzeylərə çevrilməsi” mövzusunda çıxış edərək abidələrin qorunması, bərpası və muzeyləşdirilməsi üzrə görülən işlər və əldə olunan təcrübələr barədə məlumat verib.
Səfər çərçivəsində Rüfət Mahmud İstanbulun UNESCO Dünya İrs Siyahısına daxil olan dörd tarixi abidənin idarəçiliyinə məsul olan İstanbul Tarixi Alanları İdarəsinin rəhbəri Mustafa Tural ilə görüşüb. Görüşdə qoruqların idarə olunması sahəsində təcrübə mübadiləsi və gələcək birgə əməkdaşlıq imkanları müzakirə edilib.






















