2-4 dekabr tarixlərində Qətərin paytaxtı Doha “Wall Street Journal Tech Live” konfransına ev sahibliyi edəcək. 

Bu barədə Qətərin Hökumət Kommunikasiya İdarəsi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, WSJ Tech Live ilk dəfə olaraq Yaxın Şərqə yayılır və Qətər Dövlətinin Hökumət Kommunikasiya İdarəsi və "The Wall Street Journal"ın naşiri Dow Jones arasında çoxillik strateji tərəfdaşlığın bir hissəsi kimi Dohada keçiriləcək.

"Wall Street Journal Tech Live Qatar" konfransında “Fortune 500” siyahısında olan şirkətlərin 200-dən çox rəhbər şəxsi, sahibkarlar, investorlar və dünyanın texnologiya, media, əyləncə və maliyyə sektorlarından olan liderlər iştirak edəcəklər.

Tədbir iştirakçılara startapların uğur hekayələri haqqında məlumat əldə etmək, əməkdaşlıq və tərəfdaşlıq üçün yeni yolları araşdırmaq və dünyanın hər yerindən texnologiya liderləri və mütəxəssisləri ilə birbaşa dialoqlar qurmaq imkanı verəcək.

Konfransın proqramına rəqəmsal dövrdə idman və medianın gələcəyi, məxfilik, tənzimləmə və istehlakçı etibarının gələcəyi, istedadların inkişafı və kontent yaradılması, eləcə də maliyyə texnologiyaları və rəqəmsal valyutalar, süni intellekt tətbiqləri, kosmik və müdafiə texnologiyaları sahəsindəki ən son yeniliklər mövzularına həsr olunmuş bir neçə ixtisaslaşmış panel müzakirələri daxildir.