Noyabrın 27-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) Xalq artisti, professor, Dövlət mükafatı laureatı, "Şöhrət" və "İstiqlal" ordenli bəstəkar Vasif Adıgözəlovun (1935–2006) 90 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən ABİ-nin sədri Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə dahi bəstəkar Qara Qarayev məktəbinin layiqli davamçısı olan Vasif Adıgözəlovun yaradıcılığından söhbət açıb. Bildirib ki, Vasif Adıgözəlovun çoxşaxəli yaradıcılığı musiqinin müxtəlif janrlarını ehtiva edib. Onun kantataları və oratoriyaları, eləcə də yüksək vətənpərvərlik ruhlu “Natəvan” operası həm ölkəmizdə, həm də ölkəmizdən kənarlarda dinləyicilərin qəlbində daim dərin və səmimi hisslər oyadır.
ABİ sədri diqqətə çatdırıb ki, Heydər Əliyev Fondunun layihəsi üzrə ərsəyə gələn Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərlərinin notlarından ibarət “Əbədi imzalar” silsiləsinə Vasif Adıgözəlovun yaradıcılığını əhatə edən toplu da daxil edilib. "Fərəhlidir ki, unudulmaz bəstəkarın möhtəşəm əsərləri bu gün də ölkənin müxtəlif konsert səhnələrində geniş şəkildə səsləndirilir, pedaqoji təcrübədə istifadə olunur”, – deyə F.Əlizadə əlavə edib.
Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının aparıcı olduğu tədbirdə musiqişünas-alimlərin Vasif Adıgözəlov yaradıcılığı ilə bağlı məruzələri dinlənilib.
ABİ-nin katibi sənətşünaslıq üzrə elmlər doktoru, dosent Leyla Zöhrabova “Vasif Adıgözəlovun simfonik əsərlərində milli musiqi ənənələrinin əksi”, sənətşünaslıq üzrə elmlər doktoru, Əməkdar incəsənət xadimi, professor İmruz Əfəndiyeva “Vasif Adıgözəlov haqqında xatirələr”, Əməkdar incəsənət xadimi, professor Həcər Babayeva “Vasif Adıgözəlov və Azərbaycan ədəbiyyatı”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı “Vasif Adıgözəlovun yaradıcılığında vətənpərvərlik mövzusu” adlı məruzələrini təqdim ediblər.
Tədbir bədii hissə ilə davam edib.
Xalq artisti Gülbacı İmanovanın rəhbərliyi altında Dövlət Xor Kapellasının ifasında Vasif Adıgözəlovun “Çanaqqala – 1915” və “Qarabağ şikəstəsi” oratoriyalarından fraqmentlər (solist – Günel Əsədova, konsertmeysterlər – Vəfa Əzizova, Elxan Niftiev) səslənib.
Bəstəkarın "Skripka konserti"ni beynəlxalq müsabiqələr laureatları Lalə Muxtarova (violin) və Züleyxa Usubova (fortepiano), "Fortepiano üçün 3 prelüd"ü Əməkdar artist Elnarə Kəbirlinskaya ifa edib. Vasif Adıgözəlovun yaradıcılıq inciləri sayılan “Qərənfil” romansı və “Lay-lay” mahnısı beynəlxalq müsabiqələr laureatı Rəvan Mustafazadə (tar) və Sevinc Kərimova (fortepiano) tərəfindən təqdim olunub.
Bəstəkarın oğlu Xalq artisti Yalçın Adıgözəlov tədbirin keçirilməsində zəhməti olanlara, Bəstəkarlar İttifaqının rəhbərliyinə dərin təşəkkürünü bildirib. Qeyd edib ki, nə qədər musiqi sənətində varam, yalnız bir övladı kimi deyil, bir musiqiçi kimi Vasif Adıgözəlovun adını, əsərlərini layiqincə təbliğ etməyə, yeni nəsillərə də təqdim etməyə özümə borc hesab edirəm.
Tədbir Yalçın Adıgözəlovun dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və Dövlət Xor Kapellasının ifasında “Qarabağ şikəstəsi” oratoriyasının konsert yazısından fraqmentin nümayişi ilə yekunlaşıb.



























