Üzeyir Hacıbəylinin 140 illik yubileyi çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Musiqi Akademiyasının Opera studiyasında dahi bəstəkarın “Əsli və Kərəm” operası nümayiş olunub.

Azərbaycan musiqi mədəniyyətinin incilərindən əsərdə klassik musiqi ilə dramatik ifa bir araya gələrək tamaşaçılara unudulmaz anlar yaşadıb. Opera truppasının ifaçıları həm vokal, həm də səhnə performansları ilə yüksək peşəkarlıq nümayiş etdiriblər.

Budəfəki səhnələşdirmədə Əsli rolunu Opera və Balet Teatrının gənc solisti Gülzar Fərəcova, Kərəm rolunu Əməkdar artist Elnur Zeynalov ifa ediblər. Digər rolları Əməkdar artistlər İlkin Əhmədov, Elxan Mansurov, solistlər Taleh Yahyayev, Nəzər Bəylərov, Mütəllim Dəmirov və Pərviz Verdiyev canlandırıblar. Tarda solo ifanı Əməkdar artist Elxan Mansurov edib.

Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, musiqi rəhbəri və dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Yusif Babayev, xoreoqrafı Xalq artisti Mədinə Əliyevadır.

Səhnə əsəri haqda danışan Hafiz Quliyev bildirib ki, “Əsli və Kərəm” operası Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”dan sonra yazdığı operalardandır və bu günə qədər ayrı-ayrı illərdə müxtəlif quruluşlarla təqdim olunub: “Biz bu əsəri yenidən səhnələşdirdik. Bu gün teatra gənclər gəlir və onlar Əslini, Kərəmi canlandırırlar. Əsərin sujeti olduqca maraqlıdır və Üzeyir Hacıbəyli bu sujetə çox gözəl bir musiqi yazıb. Bugünkü tamaşada iki gənc sənətkar əsas obrazları canlandırır. Bu əsər daim teatrın repertuarında olacaq və teatr səhnələrində uzun illər yaşamağa davam edəcək”.

Əməkdar artist Elnur Zeynalov daha əvvəl də Kərəm obrazını ifa etdiyini deyib: “Çox sevinirəm ki, bu qədər möhtəşəm bir əsərdə rol almışam”.

Gənc solist Gülzar Fərəcova qeyd edib ki, “Əsli və Kərəm” operasında Əsli obrazını səhnələşdirmək onun üçün böyük sevinc və şərəfdir: “Çox sevincliyəm. “Əsli və Kərəm”i bu səhnədə canlandırmaq mənim üçün çox xoşdur, eyni zamanda da həyəcanlıdır. Özümü xoşbəxt ifaçılardan hesab edirəm, çünki artıq Üzeyir Hacıbəylinin bir neçə əsərinin baş rolunda ifa etmişəm. Əsli obrazında isə ilk dəfə çıxış edirəm”.

Operanın Azərbaycan xalq dastanının motivləri əsasında yazılmış librettosunun müəllifi Üzeyir Hacıbəylidir. Tamaşada fədakar məhəbbətin gücü, insanın mənəvi gözəlliyi tərənnüm olunur.

Hazırda teatrın repertuarında olan opera Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında 2011-ci ildə Əməkdar incəsənət xadimi Hafiz Quliyev tərəfindən səhnələşdirilib.

Xatırladaq ki, indiyədək Əsli rolunu Zeynəb Xanlarova, Gülxar Həsənova, Qəndab Quliyeva, Rəsmiyyə Sadıqova, Səkimə İsmayılova, Vüsalə Musayeva, Rəvanə Əmiraslanlı, Arzu Əliyeva, Sədəf Budaqova, Kərəm rolunu isə Arif Babayev, Qulu Əsgərov, Canəli Əkbərov, Baba Mahmudoğlu, İlkin Əhmədov, Elnur Zeynalov, Səbuhi İbayev, Məhəbbət Səfərov və digər sevilən ifaçılar canlandırıb.

Qeyd edək ki, “Əsli və Kərəm” operasının ilk rejissoru Hüseyn Ərəblinski, drijoru Üzeyir Hacıbəyli özü olub. İlk Əsli Əhməd Ağdamski, Kərəm isə Hüseynqulu Sarabski idi.

1912-ci il mayın 18-dəki ilk təqdimatından 113 il keçsə də, “Əsli və Kərəm” bu gün də böyük tamaşaçı rəğbəti ilə qarşılanır və uzun, maraqlı səhnə ömrü olan əsərlər sırasındadır. 

Əlavə olaraq bildirək ki, Akademik Opera və Balet Teatrının kollektivi “Əsli və Kərəm” operasını Üzeyir Hacıbəyli festivalı çərçivəsində Ağcabədidə, Şəkidə İpək Yolu festivalında, “Opera günləri” layihəsi çərçivəsində İçərişəhərdə nümayiş etdirib.