Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı yeni mövsümdə repertuarını genişləndirir. Teatrın estrada-simfonik orkestri müxtəlif janr və üslubları bir araya gətirən layihələr üzərində çalışır.
Teatrın növbəti təqdimatı Azərbaycan kino musiqisi irsinə həsr olunmuş xüsusi proqram çərçivəsində hazırlanıb.
Teatrdan verilən məlumatda bildirilir ki, layihə çərçivəsində görkəmli bəstəkar Xəyyam Mirzəzadənin “Bağ mövsümü” filmi (1985) üçün yazdığı “Gəzinti” əsəri estrada-simfonik orkestrinin ifasında lentə alınıb və Mahnı Teatrı tərəfindən videoçarx formatında izləyicilərə təqdim edilib.
Videoçarxın məqsədi Azərbaycan kino musiqisi nümunələrini yenidən gündəmə gətirmək, onların səhnə həyatını gücləndirmək və bu irsi geniş auditoriyaya çatdırmaqdır.
Azərbaycan bəstəkarlarının yaradıcılığını müasir üslubda təqdimatlarla geniş auditoriyaya çatdırmağı qarşıya məqsəd qoyan Dövlət Mahnı Teatrı bu istiqamətdə silsilə layihələr üzərində işləməyə davam edir.
























