Qətərin paytaxtı Dohada Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın 4-cü iclası və bu çərçivədə Azərbaycan-Qətər Birgə Biznes Şurasının ilk iclası keçirilib.
Tədbirlərdə ölkəmizin nümayəndə heyətinə Birgə Komissiyanın Azərbaycan tərəfdən həmsədri, fövqəladə hallar naziri Kəmaləddin Heydərov başçılıq edib.
Nazir K.Heydərovun Birgə Komissiyanın Qətər tərəfindən həmsədri, xarici ticarət məsələləri üzrə dövlət naziri Əhməd bin Muhəmməd Əl-Seyyid ilə görüşündə əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.
Noyabrın 24-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Qətər Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə keçirilən Birgə Biznes Şurasının iclasında Azərbaycan tərəfdən turizm, xidmət, sənaye, tikinti, inşaat, dizayn, tekstil və s. kimi sektorlarda fəaliyyət göstərən 30-a yaxın şirkətin və biznes assosiasiyanın nümayəndələri iştirak edib.
Azərbaycan və Qətər iş adamları təmsil etdikləri şirkətlərin fəaliyyətinə və əməkdaşlıq imkanlarına dair məlumat veriblər. Tədbir çərçivəsində iş adamları arasında “B2B” görüşlər də olub.
Noyabrın 25-də Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın 4-cü iclası keçirilib.
Komissiyanın həmsədri K.Heydərov Azərbaycan-Qətər münasibətlərinin iki ölkə liderlərinin siyasi iradəsi və qarşılıqlı hörmətə əsaslanan yanaşması sayəsində davamlı inkişaf etdiyini, əməkdaşlığın həm siyasi sahədə, həm də iqtisadi və humanitar müstəvilərdə özünü göstərdiyini bildirib. Bu çərçivədə Birgə Komissiyanın hazırkı iclasının ölkələrimiz arasında iqtisadi-ticari və digər sahələr üzrə əlaqələrin daha da genişlənməsinə xidmət edəcəyinə əminliyini ifadə edilib.
Komissiyanın Qətər tərəfindən həmsədri Əhməd bin Muhəmməd Əl-Seyyid ölkələrimiz arasında inkişaf edən əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə edib, iqtisadiyyatın müxtəlif sahələri üzrə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu vurğulayıb və Birgə Komissiyanın fəaliyyətindən danışıb.
Komissiya üzvlərinin fikir və təklifləri dinlənilib, müzakirələr aparılıb.
Sonda “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın 4-cü iclasının Protokolu” imzalanıb.























