AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Məmmədağa Sultanov – sələflər və xələflər: Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda Respublika elmi-nəzəri konfrans keçirilib.
Konfransı institutun direktoru akademik Teymur Kərimli açaraq ömrünü klassik irsimizin toplanmasına, öyrənilməsinə, tanıdılması və nəşrinə həsr etmiş şair, ədəbiyyatşünas, pedaqoq, fars dilinin mahir bilicisi, tərcüməçi, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri namizədi Məmmədağa Sultanovun həyat və yaradıcılığından, onun ədəbi, elmi və pedaqoji fəaliyyətindən bəhs edib.
Şərq ədəbiyyatının mükəmməl bilicisi M.Sultanovun çoxşaxəli maraq dairəsinə malik alimlərdən biri olduğunu diqqətə çatdıran akademik şairin klassik irsimizin tədqiqi və təbliğində, xalqımızın mənəvi xəzinəsi olan Əlyazmalar İnstitutunun yaranması və inkişafında göstərdiyi müstəsna xidmətlərinin unudulmayacağını, onun xatirəsinin hər zaman yad ediləcəyini vurğulayıb.
Sonra çıxış üçün söz məruzəçilərə verilib.
İnstitutun elmi işlər üzrə direktor müavini, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri fil.ü.f.d., dosent Əkrəm Bağırov “Azərbaycan əlyazmaşünaslığında Məmmədağa Sultanov məktəbi”, Çap kitablarının tədqiqi şöbəsinin müdiri tarix e.d., dosent Tahirə Həsənzadə “Birinci nəsil əlyazmaşünas alim”, Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d., dosent Aybəniz Rəhimova “Əlyazmalar İnstitutu onun qolundan çıxdı” adlı məruzələrində Məmmədağa Sultanovun poetik irsi, bədii nəsri və dramaturji fəaliyyətinin ədəbiyyata və müəllimliyə olan həvəsinin nəticəsi olduğunu vurğulayıblar.
Əlyazmalar İnstitutunun təməl daşlarından sayılan Məmmədağa Sultanovun publisistik, elmi-pedaqoji, ədəbi-bədii və tərcüməçilik fəaliyyəti ilə də Azərbaycan ədəbiyyatı tarixini zənginləşdirdiyini diqqətə çatdıran alimlər onun şeirlərindən nümunələr səsləndirib, onunla bağlı xatirələrini bölüşüblər.
Plenar iclasdan sonra konfrans bölmə iclasları ilə davam edib.
Tədbir çərçivəsində Məmmədağa Sultanovun həyat və fəaliyyəti ilə bağlı foto-slayd və kitab sərgisi də təqdim edilib.





















