F. Köçərli adına Respublika Uşaq Kitabxanası mütəmadi olaraq məktəblilər üçün müxtəlif maarifləndirici tədbirlər, yazarlarla görüşlər, qiraət saatları və s. təşkil edir.

Növbəti belə tədbir kimi kitabxanada Bakı şəhəri 164 və 218 nömrəli məktəblərin şagirdlərinin iştirakı ilə uşaq hüquqlarına həsr olunmuş maarifləndirici gün təşkil olunub.

Şagirdlərə ölkəmizdə uşaq hüquqlarının qorunması üçün qəbul olunmuş mühüm dövlət sənədləri məlumat verilib. Qeyd olunub ki, dövlət tərəfindən təsdiqlənmiş proqramlar və sərəncamlar uşaqların daha təhlükəsiz, sağlam və xoşbəxt mühitdə böyüməsini təmin etməyə yönəlib. Bu hüquqların beynəlxalq səviyyədə BMT-nin Uşaq Hüquqları Konvensiyası ilə qorunduğu diqqətə çatdırılıb.

Tədbirdə uşaq hüquqlarının təminatlı, hər bir uşağın sağlam mühitdə yaşamasının, təhsilinin vacibliyi  vurğulanıb.

Məktəblilər kitabxananın oxu zalında uşaq hüquqlarını əhatə edən kitablarla da tanış olublar.

Daha sonra uşaqların yaradıcılıq qabiliyyətini və bacarıqlarını sərbəst şəkildə ifadə etmək imkanı yaradılıb, gildən müxtəlif fiqurlar hazırlanıb.

Maarifləndirici görüş məktəblilərin böyük marağına səbəb olub və onların həm məlumatlanmasına, həm də sosial düşüncələrinin formalaşmasına töhfə verib.