Azərbaycanın dünyaca məşhur bəstəkarı, UNESCO-nun "Sülh artisti" Firəngiz Əlizadənin əsərləri Avropanın mötəbər konsert salonlarında səslənməkdə davam edir.

Bəstəkarın “Şövq” əsərinin Amsterdamda Cellobiennale-X festivalında uğurlu premyerasından sonra istedadlı avstriyalı violonçel ifaçısı Kian Soltani konsert səfərlərində Firəngiz Əlizadənin digər əsərlərini də öz repertuarına daxil edir.

Yerli televiziya kanallarında və dövri mətbuatda Kian Soltaninin bu konsertləri geniş işıqlandırılır. O, mütəmadi olaraq Firəngiz Əlizadənin məşhur “Habilsayağı” əsərini ingilis pianoçusu Benjamin Grosvenor ilə birlikdə təqdim edir. Kian Soltani Firəngiz Əlizadənin “Eşq havası" əsərini də ilhamla səsləndirir. Bu duet konsertlər artıq Berlin, Münxen, London və Turində keçirilib.

Violonçel ifaçılığının ulduzu Kian Soltani repertuarına Firəngiz Əlizadənin “Mərsiyə” violonçel konsertini də daxil etmək niyyətindədir.