Noyabrın 23-də Xalq şairi Vahid Əzizin 80 illik yubileyi tamam olub. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında şairin həyat və yaradıcılığından bəhs edən elektron məlumat bazası və videomaterial hazırlanıb.

Kitabxanadan bildirilib ki, elektron məlumat bazasında akademik Nizami Cəfərovun “Vahid Əzizin vətən nəğmələri” və filologiya üzrə fəlsəfə doktoru Sadıq Murtuzayevin “Vahid Əzizin poeziya dünyasına daha bir nəzər” adlı məqalələrin tam mətni, Vahid Əzizin müəllifi olduğu kitabların siyahısı təqdim edilir. Kitabxananın saytında yerləşdirilən bazada “Rəsmi sənədlər”, “Vahid Əzizin hikmətli fikirləri”, “Virtual sərgi”, “Video və fotoqalereya” kimi bölmələr də var.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan videomaterialda Vahid Əzizin əsərləri, sözlərinə bəstələnmiş mahnılar, tərcümə etdiyi əsərlər haqqında məlumatlar yer alır. Videomaterialda şairin öz səsində şeirləri təqdim edilir.

Vahid Əzizin 80 illik yubileyi ilə əlaqədar hazırlanan videomaterial da kitabxananın saytında yerləşdirilib.