Tarixdəki olaylar
25 noyabr Kəlbəcər Şəhəri Günüdür. 1993-cü ildə Ermənistan tərəfindən işğal edilən Kəlbəcər şəhəri və Kəlbəcər rayonunun bütün ərazisi 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq 2020-ci il noyabrın 25-də azad edilib. Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri haqqında Prezident İlham Əliyevin Sərəncamına (31 iyul 2023-cü il) əsasən, 25 noyabr Kəlbəcər Şəhəri Günü elan olunub.
25 noyabr 1975 – Niderlandın Cənubi Amerikadakı müstəmləkəsi (XVII əsrdən) olan Surinam dövlət müstəqilliyini elan edib.
25 noyabr 1981 – Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi və Azərbaycan SSR Nazirlər Soveti Hüseyn Cavidin ev-muzeyinin yaradılması haqqında Qərar qəbul edib. Qərarın icrası uzun müddət ləngidi və ədibin 1920–1937-ci illərdə yaşadığı binadakı (hazırda AMEA Əlyazmalar İnstitutu) mənzilin muzeyə çevrilməsi 1995-ci ildə Prezident Heydər Əliyevin göstərişi ilə həllini tapdı.
25 noyabr 1999 – Azərbaycan Respublikası ilə ATƏT arasında əməkdaşlığın yeni mərhələsi olaraq Qarşılıqlı Anlaşma Memorandumu imzalanıb. Bundan bir qədər əvvəl ATƏT Bakıda ofis açmaq barədə qərar (16 noyabr 1999) qəbul etmişdi.
25 noyabr 2000 – Bakıda və Azərbaycanın bölgələrində 6-6,5 bal gücündə zəlzələ baş verib. Episentri Xəzər dənizində yerləşən zəlzələ nəticəsində Bakıda bir sıra binalar zərər görmüş, nisbi dağıntılar olmuş, bir neçə nəfər yaralanmışdı.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
25 noyabr 1562 – İspan yazıçı-dramaturqu, şair Lope de Veqa (Felix Lope de Vega y Carpio; 1562 – 27.8.1635) anadan olub.
25 noyabr 1889 – Türk yazıçı-dramaturqu Rəşad Nuri Güntəkin (1889 – 7.12.1956) anadan olub. “Çalıquşu”, “Dodaqdan qəlbə”, “Yarpaq tökümü” və s. populyar romanları əsasında filmlər çəkilib.
25 noyabr 1909 – Əməkdar artist Fateh Mirzə Möhsün oğlu Fətullayev (1909 – 4.5.1983) Lənkəranda anadan olub. Musiqili Komediya, Akademik Dram və digər teatrlarda çalışıb, “Ögey ana” (Arif), “Bir məhəlləli iki nəfər” və s. filmlərdə çəkilib.
25 noyabr 1913 – Memar, Əməkdar inşaatçı Nəsrulla Yaqub oğlu Kəngərli (1913–1991) anadan olub.
25 noyabr 1918 – Xalq yazıçısı, Dövlət mükafatı laureatı İmran Haşım oğlu Qasımov (1918 – 20.4.1981) Bakıda doğulub. “Uzaq sahillərdə” (H.Seyidbəyli ilə birgə) povesti, “Sən nə üçün yaşayırsan?” pyesi və s. əsərlərin, kinossenarilərin (“İnsan məskən salır”, “Onun böyük ürəyi”) müəllifidir. Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1975–1981) olub.
25 noyabr 1935 – Əməkdar artist, xanəndə Qaraxan İmran oğlu Behbudov (1935 – 17.11.2020) Ağdam rayonunun Əfətli kəndində anadan olub.
25 noyabr 1961 – Xalq artisti, vokalçı Əli Rəhim oğlu Əsgərov (1961 – 23.2.2023) anadan olub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, opera festivallarının laureatı, Bülbül adına Vokalçıların I Beynəlxalq Müsabiqəsinin (1997) Qran-pri mükafatçısı olub.
25 noyabr 1994 – Xalq artisti Məhəmməd İsmayıl oğlu Burcəliyev (25.4.1914 – 1994) vəfat edib. Gəncə Dövlət Dram Teatrının aktyoru olub, teatrda direktor işləyib, tamaşalara quruluş verib. Filmlərdə çəkilib.
Hazırladı: Vüqar Orxan

























