“Arşın mal alan” qəhrəmanlarının başqa həyatı Akademik Musiqili Teatrın səhnəsində
Sevgililərin vüsalı, möhtəşəm toy mərasimi... Özü də bir (Əsgər ağa və Gülçöhrə) deyil, iki (Süleyman bəy və Asya), hətta üç (Soltan bəy və Cahan xala) deyil, dörd (Vəli və Telli) toy birdən çalınır. Evli cütlüklər şad-xürrəm həyatlarına davam edirlər.
Üzeyir Hacıbəylinin misilsiz sənət incisi, yüz ildən çoxdur ki, təkcə Azərbaycanın deyil, bir sıra ölkələrin də səhnələrini bəzəyən, eyniadlı filmi dünyada tanınan “Arşın mal alan” belə xoşbəxt sonluqla bitir. Lap nağıllardakı kimi.
Amma həyatda hər şey nağıllardakı kimi olmur. Üstəlik, nağılların da qorxulusu var. Gülçöhrə və Əsgərin nənələri də onlara uşaq ikən belə nağıllar danışmışdı: adı özündən böyük taxtabitinin nağılı, vahiməli damdabacanın nağılı. Böyüyüb ağılları kəsəndən sonra həmin “bədheybət”lərin kimliyi onlarda təbəssüm doğuracaqdı, çünki o, bir nağıl idi. Gerçək həyatdakı qorxu və təhlükələr isə tamam başqadır...
Xalq yazıçısı Kamal Abdullanın qələmə aldığı “Gülçöhrə və Əsgər” dramı da “Arşın mal alan” qəhrəmanlarının tamam başqa həyatını göstərir.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında üç gün (18, 22 və 23 noyabr) premyerası gerçəkləşən tamaşa həm sənət, bədiilik nöqteyi-nəzərindən, həm də tariximizə, yüz il əvvəlin taleyüklü olaylarına baxış anlamında dəyərli səhnə əsəridir.
... Əsgər ağa və Gülçöhrə xanımın bütün Bakıya və ondan uzaqlara səs salan toyundan cəmi altı il ötüb, amma bu müddətdə nələr baş verməyib. Bir dünya müharibəsi olub, böyük bir imperiya (çar Rusiyası) dağılıb, Azərbaycan ilk müstəqilliyini dadıb, Xalq Cümhuriyyəti ikinci ilindədir. Təqvimdə 1919-cu ilin sonu, bayırda qış fəslidir. Bakının qışı elə də soyuq keçmir, amma bu dəfə qış şimaldan gəlib. Rusiyada qırmızılarla ağların iç savaşı keçmiş imperiyanın sərhədlərinə, o cümlədən Qafqaza doğru yayılır.
Bu arada Əsgər ağanın atasının sadiq dostu Məşədi Cabbar ticarət üçün getdiyi Rusiyadan bəd xəbərlə qayıdıb: rus (bolşevik) ordusu tezliklə Bakıya gələcək, çünki onlara neft lazımdır. Azərbaycan yenicə qazandığı müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzədir.
***
Görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Quliyevin möhtəşəm musiqisi ilə süslənən dram, əslində, “Arşın mal alan” “ailə”sinin yaşantıları timsalında vətənin – Azərbaycanın başına gələnləri nümayiş etdirir.
Dünyadan köçmüş Soltan bəydən savayı həmin “ailə”dən hər kəs həyatdadır: Cahan xala oğlu Əsgər və gəlini Gülçöhrə ilə bir mülkdə yaşayır; qulluqçular Vəli və Telli də onlarım yanındadır. Süleyman (Cümhuriyyət parlamentində vəkil) və xanımı Asya onlardan ayrı yaşasalar da, bir ailənin üzvü kimidirlər. Əsgər ağa sadəcə ticarət adamı deyil, şairdir, müasir düşüncəli ziyalı, xeyriyyəçidir, Gülçöhrənin (əmisi qızı Asya ilə birlikdə) yetim uşaqlar üçün məktəb açmaq təşəbbüsünü dəstəkləyir. Əsgər və Gülçöhrə illərlə sürən ata-ana olmaq arzularına da çatmağa çox yaxındırlar, bir neçə aydan sonra övladları dünyaya gələcək. Xoşbəxt bir ailə tablosunun eskizini çəkmək olardı, amma...
Şimal küləyi, nağıllardakı qara yel kimi, bu ailənin də, Vətənin də üzərini alır.
Əsgər əmisi yerinə qoyduğu Məşədi Cabbarın xahiş və israrından sonra ailəsi ilə onun yanına İrana (İsfahana) getməyə razılıq verir. Cümhuriyyətin süqutu xəbərini də orada eşidir. Süleyman da (cümhuriyyətçilərin çoxu kimi) xanımı ilə mühacirət etməyə məcbur olur. Əsgər ağaya məktub göndərərək İstanbula gəlməsini istəyir, oradan birlikdə Fransaya getmək üçün. Əsgər razı olur, ailəsini göndərir, amma özü (qulluqçu Vəli ilə) Bakıya gəlir. Buradakı mal-mülkünü, dükanlarını satıb on gün içində geri qayıdacaqdı. Buna əmin idi, odur ki, həyatının eşqi – “nuri-didəm” dediyi Gülçöhrə ilə vidalaşmır da... Amma bu gedisin dönüşü yox idi.
Bakını (Azərbaycanı) işğal etmiş bolşeviklər Əsgər ağanın mal-mülkünü əlindən alır, özünü də həbs edib (zəhmətkeşlərin qanını içdiyi üçün) Sibirə göndərirlər.
Marselə (Fransaya) gedib çıxan Gülçöhrə illərlə sevgilisinin yolunu gözləyir, “Əsgər, sən bizi unutdunmu”, deyə onu qəlbində məzəmmət edir, qürbətdə dünyaya gətirdiyi oğlunu (Əsgər ağa) boya-başa çatdırır...
Əsgər üçün isə, vaxtilə Bakıda yazdığı bir şeirində dediyi kimi, artıq unutmağa kimsə yoxdur, otuz ilə yaxın sürən Sibir məşəqqəti onun özünü belə özünə unutdurub. Və bir gün (bolşevik inqilabının ildönümündə) Sibirdəki həbs düşərgəsinə məhbuslara göstərmək üçün film gətirirlər: “Arşın mal alan”...
Qocalıb əldən düşmüş Əsgər öz həyatından bəhs edən filmdə Üzeyir musiqisinin ecazkar melodiyası altında hamını xatırlayır: sevgilisini də, özünü də... və ürəyi partlamadan öncə “unutmadım səni mən” deyir...
***
Rejissor Əsgər Əsgərovun quruluş verdiyi tamaşada mükəmməl aktyor heyəti iştirak edir. Premyeranın ilk axşamında, eləcə də bu sətirlərin müəllifinin seyrçi olduğu 23 noyabrda (Üzeyir bəyin xatirə günü) səhnədə bu heyət oynayırdı: Əməkdar artistlər Əzizağa Əzizov (Məşədi Cabbar), İqrar Salamov (Vəli), Prezident mükafatçıları Səmədzadə Xasiyev (Əsgər), Mehriban Zaliyeva (Gülçöhrə), Prezident təqaüdçüsü Atilla Məmmədov (Əsgərin oğlu), aktyorlar Nicat Əli (Əsgərin qocalığı), Faiq Mirzəyev (Süleyman), Gültac Əlili (Asya), Gülnarə Abdullayeva (Cahan xala), Elnarə Nağdəliyeva (Telli), Elçin İmanov (məhkəmə sədri), İbrahim Əlizadə (zabit), Elxan İsmayılov (rus əsgəri), Əli Kərimov (cavan dustaq), Orxan Hüseynov (əsgər), Kamil Cəfərov (əsgər), Məhəmməd Məmmədov (əsgər), Nihad Həbibov (Əsgərin ağanın oğlu – uşaq vaxtları).
Səhnə əsərinin rejissoru Elməddin Dadaşov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, konsertmeysteri Fidan Əliyeva, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, rejissor assistentləri Tamilla Aslanova və Çimnaz Bağırovadır.
Yuxarıda qeyd etdiyim kimi, Cavanşir Quliyevin möhtəşəm musiqisi həm orkestrin çalğısında və vokal partiyalarında, həmçinin xor heyətinin (xormeyster Əməkdar artist Vaqif Məstanov) ifasında sənət əzəməti kimi səslənirdi.
Balet artistlərinin (quruluşçu baletmeyster Nigar Şahmuradova) oyunu, o cümlədən qəhrəmanlar Bakıdan gedəndə milli (nəlbəki ilə rəqs), Fransaya çatandan sonra isə Avropa (vals) rəqslərinin təqdimatı səhnə əsərindəki zaman-məkan varlığının təsirli nümayişi idi.
***
... Anşlaqla keçən tamaşa sürəkli alqışlar altında başa çatandan sonra havada bir sual asılı qalmışdı. Əsgər niyə ailəsini, sevgilisini, üzünü heç vaxt görə bilməyəcəyi gələcək övladını qürbətdə qoyaraq Bakıya qayıtdı? Yalnız buradakı mal-dövlətini satmaq niyyəti, yəni bir tacir düşüncəsimi onu geri gətirmişdi?
“Gülçöhrə və Əsgər” musiqili dramındakı ayrılıq tarixin sərt aşırımlarında, taleyüklü zamanda edilən seçimin bədii həllidir. Bu, sadəcə, mühacirət və vətən arasında seçim deyildi. Əsgərin acı taleyi göstərir ki, ailəsi mühacirət etməyib burada qalsaydı, onları da onun kimi həbs və Sibir sürgünü gözləyirdi. Cümhuriyyətin süqutundan sonra mühacirətə gedən yüzlərlə azərbaycanlı qürbətdə vətən xiffəti ilə yaşayıb dünyadan köçdü, minlərlə vətənsevər soydaşımız da burada qaldı, amma ömrünü Sibirdə başa vurdu.
Əlbəttə, müəllif Gülçöhrə və Əsgərin timsalında bu acı ayrılığı deyil, xoşbəxt sonluğu (hər ikisini Avropaya göndərməklə) da düşünə bilərdi. Amma onda bu, “Arşın mal alan” hekayətindən sonra, ikinci nağıl olacaqdı. Həyatda isə hər şey nağıllardakı kimi olmur...
Vüqar Orxan




























