Mingəçevir Dövlət Dram Teatrının tamaşası haqqında
“Herostratı unudun!” – rus yazıçı-dramaturqu Qriqori Qorin tərəfindən qələmə alınan tragikomediyada e.ə. 356-cı ildə qədim Efesdə baş verən real hadisə – Artemida məbədinin Herostrat adlı bir bazar alverçisi tərəfindən yandırılması haqqında danışılır. Herostrat öz adının tarixdə qalması məqsədilə şöhrətə sahib olmaq üçün bu barbar hərəkətə əl atır. Əsərdə bu hadisə yalnız fiziki akt kimi deyil, həmçinin insanın daxili ehtirasları, ambisiyaları, cəmiyyətlə olan münasibəti, etika və məsuliyyət kimi məsələlərin mərkəzində xüsusi olaraq qeyd edilməkdədir. Tragikomediya – dram və satira elementləri ilə yanaşı, həm ciddi məzmun (cinayət, məsuliyyət, ədalət) həm də ironik, satirik duyğularla təqdim olunmaqdadır.
Mingəçevir Dövlət Dram Teatrının səhnəsində maraqla izlədiyim “Herostratı unudun!” tragikomediyasında da müəllif ideyasına uyğun olaraq süjet xətti saxlanılmaqla Herostratın ambisiyası və planı – ad-san qazanmaq ümidi, məbədin yandırılması, cəmiyyətin, hakimiyyətin reaksiyası – edam istəkləri, qorxular, qərarvermə, məhkəmə, həbs, siyasi-etik konfliktlər xüsusilə faciə və nəticə – həm şəxs üçün, həm cəmiyyət üçün ağır nəticələri tam olaraq göstərilir.
Qeyd edim ki, əsəri Azərbaycan dilinə yazıçı-dramaturq Elçin Hüseynbəyli çevirib və səhnə üçün işləyib.
Səhnə quruluşu Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru Emin Mirabdullayevə məxsusdur. Quruluşçu rejissor məhz mövzu, motiv həmçinin ideyaya sadiq qalaraq şöhrət və yaddaş ehtiyacını səhnə traktovkasında obrazların dili ilə tam olaraq açıb göstərməyə müvəffəq ola bilmişdir. Həmçinin rejissor etika və vicdan konflikti kimi cinayət, məsuliyyət, cəmiyyət eləcə də fərdlər arasında əlaqə, forma quruluşlarını da maraqlı detallarla təqdim edə bilir. Tarixin yaddaşı və unudulmaq fikrinin də daha geniş bir formatda təqdimi rejissor yozumunda daha dəqiq ştrixlərlə göstərilməklə burada tarixi yaddaş ictimai qavrayış eləcə də hakimiyyətin yaddaş üzərində rolu geniş şəkildə müzakirə obyektinə çevrilə bilir.
Rejissor maraqlı səhnə yozumunda hakimiyyətin cəmiyyəti idarə etmə üsulları, qorxu və nəzarət, xəbərdarlıq və cəzalar, insanların necə manipulyasiya edilməsi kimi motivləri də hökumət və güc münasibətləri zəminində hər bir obrazın ifası ilə uğurla təqdim edə bilir. Əsər şəxsi və ictimai qatlara bölünməklə bir neçə pərdə və səhnə, hadisələrin mərhələli inkişafı eləcə də şəxsiyyətin daxili düşüncələri ilə cəmiyyətin reaksiyaları paralel uğurlu səhnə quruluşunda maraqla izlənilməkdədir. Müəllif ideyasından irəli gələrək rejissor yozumunda əsərin ideyası universal və aktual olmaqla şöhrət arzusu, yaddaş ehtiyacı, cəmiyyətin reaksiyası məsələləri hər zaman insanları düşündürməklə dramaturji gərginlik hadisələrin inkişafı, kulminasiya nöqtələri, etik konfliktlərlə səhnədə cərəyan edən hadisələr, eləcə də vizual simvollar, dekorativ üsullar böyük maraq doğurmaqdadır.
Qeyd etmək lazımdır ki, təqdim edilən səhnə quruluşunda hər obraz yalnız öz funksiyasını yerinə yetirmir, həm də simvol olaraq pyesin mətni və tamaşaçının şüuruna təsir edə bilir. Belə ki, əsərin obrazları vasitəsilə müxtəlif sosial-təbii, əxlaqi və psixoloji təbəqələr göstərilməkdədir.
Əsərin mərkəzində duran Herostrat obrazı tarixi şəxsiyyətdir. Antik dövrlərdə Efes şəhərində yaşayan bu şəxs dünyada ad qazanmaq üçün Artemida məbədini yandırmış və bununla tarixə “şərəf” deyil, rüsvayçılıq simvolu kimi düşmüşdür. Dramaturq Qorin isə bu tarixi faktı müasir fəlsəfi kontekstdə işləyərək insanın şöhrət hərisliyini, mənəvi boşluğunu və cəmiyyətin dəyərlər sistemini satirik şəkildə ifşa etməkdədir.
Aktyor Turqut Məsimlinin ifasında Herostrat obrazı əsərin baş qəhrəmanı olaraq sadə bazar alverçisidir, amma ad-san, şöhrət arzusu, yaddaşda qalmaq istəyi onu radikal addım atmağa sövq edir. Onun xarakterində daxili böhranlar, etika dilemması var: şöhrət uğrunda cinayət etmək, öz ehtiraslarını ödəmək, amma nəticədə özünün də, cəmiyyətin də məruz qalacağı faciəni bilmədən yaşamaq məcburiyyətini təqdim etməkdədir. Herostrat təkcə bir fərd deyil, həm də cəmiyyətin simvoludur. Turqut Məsimli öz maraqlı ifa tərzi ilə məhz obrazı müasir insanın faciəsi olaraq göstərilməsinə müvəffəq ola bilir. Onun ifa tərzində Herostrat obrazı vasitəsilə bütün dəyərlər itir, etik və mənəvi ölçülər pozulur. O həm gülməli, həm də dəhşətlidir. Gülməlidir, çünki o özünü “dahi” hesab edir, halbuki atdığı addım mənasız vandalizmdir. Dəhşətlidir, çünki bu mənasızlıqla məqsədə çatmaqla o, doğrudan da tarixdə qalır. Aktyorun ifasında həm də əsərin ideyasından irəli gələrək Herostrata münasibət ikilidir. Rəsmi olaraq onun adı qadağan edilir. Ancaq bu qadağa onu daha da məşhurlaşdırır. Beləcə cəmiyyət pisliyi qadağan etməklə deyil, onu anlamamaqla yaşadır. Bütün bu kimi sadalanan xüsusiyyət və keyfiyyətlər Turqut Məsimlinin ifasında maraqlı ştrixlərlə təqdim edilir. Nəticə etibarı ilə aktyor Herostratın öz eqosunun qulu olaraq bəşəriliyini məhv etməklə tarixin yaddaşında yaşamağı bacardığını maraqlı surət olaraq təqdim edə bilir.
Klementina Tissafernin (Efes hakiminin arvadı) surəti əsərdə ikinci dərəcəli, lakin simvolik və ideoloji cəhətdən mühüm obrazlardan biri hesab edilir. Bu rolu aktrisa Lalə Abuşova oynayır. Onun ifasında Klementina qadın təfəkkürünün, mənəvi korluğun, yalançı dəyərlərin və cəmiyyətin səthi düşüncə tərzinin satirik modeli olaraq təqdim edilir. Klementina zahirən zərif, mədəni, saray qadını təsiri bağışlayır. Amma onun daxili dünyası boş, mənəvi baxımdan kasıbdır. Səhnədə təqdim edilən Klementina obrazı üçün əxlaq, ədalət, vicdan kimi anlayışlar formal xarakter daşımaqla həyatın mənasını görünüşdə axtarır. O, satirik aləmdə “zahiri gözəlliyin içindəki mənəvi çirkinliyi” maraqlı detalları ilə təcəssüm etdirir. Aktrisa Lalə Abuşovanın ifasında təqdim edilən Klementina obrazı həmçinin Tissafern ilə münasibətlərdə sosial satiranı gücləndirməyə müvəffəq ola bilir. Klementina həm də bütöv sistemin riyakarlıq və saxta dəyərlər dünyasının məhsulu kimi təqdim edilir. Aktrisa həmçinin Klementina obrazı ilə həm də müasir qadının faciəsini maraqlı detallar vasitəsilə göstərə bilir.
Aktyor Asim Məmmədovun oynadığı Krissip bir növ qarışıq surət olaraq həm şəhər rəhbərinin, həm də cəmiyyətin səviyyəsindəki reaksiyaları təmsil edir. Onun hərəkətləri hadisələrin kulminasiya nöqtəsində dönüş nöqtəsi olaraq hesab edilir. O, zahirən ikinci dərəcəli obraz olaraq görünsə də, əsərin ideya-fəlsəfi yükünü daşıyan ən mühüm surətlərdən biri hesab edilir. Obraz aktyorun ifa tərzi ilə ağıl, vicdan və mənəviyyatın cəmiyyətin “səs-küylü şöhrət” dəliliyinə qarşı necə aciz qaldığının göstəricisi kimi təqdim edilir. Krissip Herostratın əksi, onun antitezidir. Tamaşa boyu bu iki obrazın qarşıdurması əslində yaxşı ilə pisin, mənəvi ilə maddi, əbədiliklə keçiciliyin mübarizəsi olaraq təqdim edilir. Aktyorun ifasında Krissip obrazı ağıllı, savadlı, düşüncəli və mənəviyyatlı bir insan olaraq təqdim edilir. O, Herostratın cəmiyyətə təhlükə olduğunu anlayır və onu dayandırmaq, yaxud fikirlərini mənasız göstərmək istəyir. Krissip obrazı cərəyan edən hadisələr fonunda mənəviyyatın və humanizmin təmsilçisidir, həm tragik, həm də komik xarakter daşıyır. O, səhnədə mənəvi təmizliklə “rüsvay şöhrət” arasında sıxılaraq ağlının və hikmətinin dəyərsizləşməsi fonunda tragikomik ziddiyyət yaradır. Bu isə aktyorun ifa tərzində bir daha mənəvi insanın cəmiyyət qarşısında tənhalığının faciəvi ifadəsi kimi göstərilə bilir. Krissip yalnız bir fərd deyil, o, həm də mənəviyyatlı insanın sosial portretidir. O, Herostratın və hakimiyyətin qarşısında vicdanın, düşüncənin təmsilçisidir. Aktyorun maraqlı detallar vasitəsilə təqdim etdiyi obraz sanki yanmayan mənəvi məbədin keşişi olaraq da təqdim edilə bilir. Obraz aktyor Asim Məmmədovun ifasında ağlın və vicdanın təkliyidir. Bütün bu sadalananlar aktyor ifasının maraqlı ştrixləri ilə səhnədən uğurla izlənilir.
“Herostratı unudun!” tragikomediyasında Tissafern (hakim) obrazı əsərin ictimai-fəlsəfi ideyasının açılmasında mühüm yer tutur. O, sadəcə Efesin hakimi deyil, həmçinin hakimiyyətin riyakarlığını, qorxaqlığını və mənəvi zəifliyini təmsil edən simvolik bir obrazdır. Aktyor Elvin Əkbərlinin səhnədə təqdim etdiyi bu obraz zahirən ədalətli, “qanuna sadiq”, şəhərin qaydalarına nəzarət edən bir hakim olaraq təqdim edilir. Aktyorun qorxaq, qərarsız və öz maraqlarını hər şeydən üstün tutan biri kimi təqdim edə bilməsi də obrazın mahiyyət etibarı ilə maraqla izlənilməsinə şərait yaratmış olur. Tissafern obrazı öz “hakim şöhrəti”nin əsiri olduğunu maraqlı detalları ilə təqdim edilir. Aktyorun ifası birmənalı şəkildə “kiçik despot”, “böyük bürokrat”, “mənəvi boşluğun rəsmi daşıyıcısı” kimi təsvir edilməklə göstərilir. Elvin Əkbərlinin ifasında Tissafern satirik və eyni zamanda realist obraz olaraq maraqla baxılır.
Erita (rahibə) obrazı zahirən sakit, ikinci dərəcəli personaj kimi görünsə də, əsərin mənəvi-fəlsəfi ideyasının mərkəzində dayanır. Erita insan vicdanının, təmiz inamın və əxlaqi müqavimətin təcəssümüdür. O həm də məbədin ruhudur. Onun üçün Artemida məbədi təkcə daş və mərmər deyil, inancın və insanlıq dəyərlərinin mərkəzidir. Məbəd yandırıldıqda Erita təkcə bir tikilinin deyil, öz iç dünyasının, imanının da dağıldığını hiss edir. Bu baxımdan həm maddi, həm də mənəvi faciə yaşayır. Bu obrazı Xalq artisti Ella Yaqubova ifa edir. Aktrisa öz ifası ilə bir daha dəyərləri qoruyan insanlar çox vaxt susqun, təvazökar, amma dərin düşüncəli olduqlarını maraqlı ştrixlərlə təqdim etməyə müvəffəq olur. Obraz aktrisanın ifasında ən tragik surət olaraq göstərilir. Eritanın tamaşa boyu faciəsi sadəcə bir tikilinin dağılışı deyil, mənəviyyatın alov içində məhv olmasıdır. Erita obrazı Artemida ilə insanlar arasında körpü rolunu oynayaraq ilahi və insani təmizlik arasında vasitəçi olaraq maraqlı kontrastı təqdim edə bilir. Erita obrazı inamın və mənəviyyatın sarsılmazlığı, səssiz müqavimət ideyası, insanın mənəvi ölümsüzlüyü kimi bir neçə mühüm fəlsəfi məqamı ifadə edir. Həmçinin aktrisanın ifasında Erita insan vicdanının və mənəvi müqavimətin səsidir.
Tamaşa boyu maraqla təqdim edilən surətlərdən bir də Kleon obrazı Efiop şəhər dövlətinin ali hakimiyyət strukturlarından birini təmsil edən şəxsdir. O, rasional düşüncəli, dövlətin sabitliyini qorumağa çalışan, lakin eyni zamanda bürokratlaşdırılmış və kənar təsirlərə qarşı hədsiz həssas olan bir məmur tipini təcəssüm etdirir. Kleon nə tam mənada mənfi, nə də tam müsbət bir qəhrəmandır. Əslində o, cəmiyyətin ideoloji aparatını simvolizə edən tragikomik bir fiqurdur. Kleon daha çox dövlət idarəçiliyinin “ağıl və qayda” tərəfini təcəssüm etdirir. Onun bütün fəaliyyəti nizam-intizama və qaydalar sisteminə söykənir. Lakin dramaturq Qorinin tragikomik yanaşması nəticəsində bu qaydalar çox zaman məntiqsiz, hətta absurda yaxın görünür. Bu baxımdan Kleon bürokratik düşüncənin ifrata varmış təcəssümüdür. Bu obrazı aktyor Paşa Salmanov ifa edir. Aktyor səhnədə ifası ilə bu obrazın Herostratın məbədi yandırmaqla ad qazanmaq istəyinə qarşı çıxaraq cəmiyyətin “sağlam düşüncə” tərəfini təmsil etməsini maraqlı ştrixlərlə göstərə bilir. Kleon obrazı müdrik kimi görünən, lakin əslində məntiqi absurda çarpan qərarları tragikomik effektlə nümayiş olunur. Həmçinin aktyorun ifasının səhnə davranışlarında dövlət idarəçiliyinin qorxu psixologiyası da aydın şəkildə görünür.
Eləcə də Nəzarətçi (Asim Əmirov), Teatr işçisi (Hüseyn Mustafayev), 1-ci, 2-ci və 3-cü Efesli surətləri (Firuz Hacıyev, Cavidan Abdullayev, Rəvan Adil) də tamaşa boyu maraqla izlənilməkdədirlər.
Tamaşanın quruluşçu rəssamı Pakizə Adilbəyli, geyim üzrə rəssamı isə Aygül Ağakişiyevadır. Musiqi tərtibatı Emin Mirabdullayevə məxsusdur.
Nəticə etibarilə Mingəçevir Dövlət Dram Teatrında təqdim edilən “Herostratı unudun!” tragikomediyasında insan psixologiyası, cəmiyyətin mənəvi deformasiyası və şöhrət ehtirasının dağıdıcı gücü açılaraq maraqla baxılan tamaşa ərsəyə gəlmiş, əsərin satirik itiliyi, obrazların psixoloji dərinliyi sayəsində həm gülüş, həm də acı həqiqət bir arada olmaqla təqdimatına müvəffəq olunmuşdur.
Anar Ərtoğrul Burcəliyev
teatrşünas-tənqidçi

























