Respublika Uşaq Kitabxanasının ölkəşünaslıq və milli ədəbiyyatın təbliği şöbəsi tərəfindən hazırlanmış “44 günlük müharibə” elektron məlumat bazası noyabrın 19-da Bakı Dövlət Universitetində təqdim olunub.

BDU-nun müəllim və tələbələrinin, kitabxana əməkdaşlarının iştirak etdiyi tədbirdə məlumat bazasının yaradılma məqsədi, struktur xüsusiyyətləri və istifadə imkanları barədə geniş məlumat verilib.

Elektron toplu 10 bölmədən ibarətdir. Bazada ümumilikdə 1979 elektron resurs istifadəyə təqdim olunub.

Ana səhifədə xarıbülbül təsviri yerləşdirilib ki, bu da Vətən müharibəsinin simvolik məzmununu əks etdirməklə yanaşı, resursun vizual tərtibatını tamamlayır.

“Rəsmi sənədlər” bölməsində Azərbaycan Respublikasının Prezidentinin sərəncam və fərmanları daxil olmaqla 46 sənəd sistemləşdirilmiş şəkildə təqdim edilir.

“İşğaldan azad olunmuş torpaqlar” bölməsində 2020-ci ilin Vətən müharibəsi zamanı azad edilmiş şəhər, qəsəbə və kəndlər haqqında məlumatlar xronoloji ardıcıllıqla təqdim edilir. Hər bir yaşayış məntəqəsinin döyüş əməliyyatları barədə qısa məlumat və ümumi təsvirlər yer alır.

Elektron topluda “44 günlük Vətən müharibəsinin şəhidləri və mülki itkilər” bölməsi də  yaradılıb. Məlumatlar sistemləşdirilmiş şəkildə təqdim olunur.

“Kitablar” bölməsində Azərbaycan, rus və ingilis dillərində 82 kitab, “Məqalələr” bölməsində 2020–2025-ci illəri əhatə edən 1104 məqalə yerləşdirilib.

“Əbədi yaddaş” bölməsində Vətən müharibəsi ilə bağlı abidələr və xatirə məkanları barədə məlumatlar verilir.

“Orden və medallar” bölməsində müharibə iştirakçılarının təltif edildiyi 20 orden və medal haqqında məlumat əks olunub.

Məlumat bazasında zəngin fotoqalereya və videogalereya bölmələri də var.