Mən vaxtilə Milli Məclisin deputatı olanda Mədəniyyət komissiyasının sədri idim və onda biz Azərbaycan dilinin işlənməsi və qorunması haqqında qanun qəbul etdik. Həmin qanunda ölkədəki bütün idarə, müəssisə, təşkilat, market və digər obyektlərin adlarının, ilk növbədə, Azərbaycan dilində yazılması, əgər lazım gələrsə, ingilis, rus, ərəb və ya digər dillərdə olması barədə müddəa var idi.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Xalq yazıçısı Anar bunu AZƏRTAC-a müsahibəsində deyib.
Xalq yazıçısı qeyd edib ki, indi həmin qanunda yazılanların kağız üzərində qaldığını görmək üçün küçəyə çıxıb ətrafa ötəri göz gəzdirmək kifayətdir. Hətta şəhərin elə yerləri var ki, orada Azərbaycan dilində bir kəlmə də söz yoxdur. Ona görə də bizim hamımızın vəzifəsi həmin yığıncaqda qoyulan məsələlərin həllinə, onların həyata keçirilməsinə nail olmaqdır.
AYB sədri müasir əsərlərin, eləcə də mətbuatın, televiziya və radionun dili haqqında da fikirlərini bölüşüb: "Biz bir neçə dəfə AYB-də həmin məsələyə həsr olunmuş müşavirə keçirmişik, xüsusilə mətbuat səhifələrində gedən dil xətaları ilə bağlı ciddi narahatlığımızı ifadə etmişik. Efirdə və mətbuatda gedən dil xətaları, yanlış ifadələr, jarqonlar barədə konkret misallar, nümunələr göstərmişik. Yersiz ifadələr, düzgün olmayan cümlə quruluşu, yol verilən üslub səhvləri haqqında müzakirələr aparmışıq. Açıq demişik ki, tamaşaçı və oxucu ilə belə dildə danışmaq olmaz. Bizim əlimizdən gələn budur: xəbərdarlıq etmək, yanlışdan çəkindirmək, düzgün olanı göstərmək, istiqamət vermək. Bacardığımızı edirik ki, dilimizin saflığı qorunsun, onun qayda və qanunlarına əməl edilsin. Lakin onun həyata keçməsi və həlli təkcə bizdən asılı məsələ deyil...".
Xalq yazıçısı qeyd edib ki, dilin qorunması üçün tədbirlər ötəri iş olmalı deyil. Bu məsələ ilə bir ay, bir il, iki il məşğul olmaqla istədiyimizə nail ola bilməyəcəyik. Bu elə vacib məsələdir ki, onunla daim məşğul olmaq lazımdır. Hər kəs bu işi özü üzərinə götürməli və özündən asılı olanı etməlidir.
"Birinci növbədə mətbuat işçiləri öz yazılarının dil və üslub xüsusiyyətlərinə xüsusi fikir verməlidirlər. Gərək sən özün nümunəvi olasan ki, başqalarından da bunu gözləyəsən. Yazıçı masanın arxasına keçəndə, qələmi əlinə götürəndə oxunaqlı və maraqlı yazmaq haqqında ciddi düşünməlidir. Çox vaxt qəzet və jurnallarda böyük-böyük materiallar çap olunur, amma heç kəs oxumur. Elə yazmaq lazımdır ki, oxucunu cəlb etsin, maraqlı olsun. Həcm heç nəyi həll etmir, əsas onun mahiyyətidir. Eyni zamanda, dilin xüsusiyyətlərini, incəliklərini bilən və ondan düzgün, yerli-yerində istifadə edən müəllifin yazıları həm cəlbedici, həm də oxunaqlı olur. Yaxşı yazının dili də yaxşı olur. Müəllifin deməyə sözü, fikri varsa o, fikrini ifadə etmək üçün dilin ifadə vasitələrini də tapır, onu çatdırmağa üsul da. Müəllifin deməyə sözü, tutarlı fikri yoxdursa, onda ümumi ifadə və ibarələrlə yazmağa məcbur olur. Bizim ən böyük problemlərimizdən biri də budur", – deyə o vurğulayıb.



















