Xalq yazıçısı Anar: "Neçə il, neçə əsr sonra da arxivlərdən, kitabxanalardan həmin mənbələri tapmaq mümkündür, bəs sosial şəbəkədə yazılanları necə əldə edəcəksən?"
Əsrlər boyu xəbərlər mətbuat vasitəsilə yayılıb, mətbuat dilin təbliği və inkişafında aparıcı rol oynayıb. Son vaxtlar sosial şəbəkələr bu sahədə mətbuatın mövqeyinə xələl gətirsə də, qəzet və jurnallar öz yerini qoruyub saxlamalıdır.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Xalq yazıçısı Anar bu fikirləri AZƏRTAC-a müsahibəsində deyib.
Xalq yazıçısı bildirib ki, ədəbi dilimizin qorunmasında mətbuatın danılmaz rolu var. "Çünki mətbuat tarixdir, sənəddir, əbədidir, sosial şəbəkə isə müvəqqətidir. Neçə il, neçə əsr sonra da arxivlərdən, kitabxanalardan həmin mənbələri tapmaq mümkündür, bəs sosial şəbəkədə yazılanları necə əldə edəcəksən?" – deyə o vurğulayıb.
AYB sədri qeyd edib ki, dilin qoruyucularından biri də ədəbiyyatdır: "Ədəbiyyat dili inkişaf etdirir, dilə yeni sözlər gətirir, dilə qol-qanad verir, imkanlarını genişləndirir və sair. Əsrlərin sınağından çıxaraq daş kitabələrdən üzü bəri uzun, çətin və şərəfi yol keçən, Dədə Qorqud qopuzundan, Koroğlu sazından süzülüb gələn doğma ana dilimiz həzin və şirin ana laylası ilə canımıza, qanımıza hopub. Füzulinin, Nəsiminin, Şah İsmayılın, Vaqifin, Səməd Vurğunun sözündə, şeirinin avazında qanad açan, ana südü kimi təmiz, dağ çiçəyi kimi təravətli dilimiz ağız ədəbiyyatı nümunələri olan bayatılarla, qoşmalarla, nağıllarla, dastanlarla uzun, enişli-yoxuşlu yol keçib".
Xalq yazıçısının fikrincə, dilin qorunması, inkişafı haqqında həmin çağırışlara birinci növbədə yazıçılar münasibət bildirməli və əməl etməlidirlər. Dilin inkişafı, zənginləşməsi, eyni zamanda, yad təsirlərdən qorunması üçün ədəbiyyatın, söz adamlarının üzərinə böyük məsuliyyət düşür.
"Bir də təkrar edirəm ki, ədəbiyyatın rolu daha böyükdür. Yazıçılar Birliyinin rəhbəri kimi deyə bilərəm ki, dilimizin yad təsirlərdən qorunması, müdafiəsi və inkişafı baxımından bədii ədəbiyyatın rolu əvəzedilməzdir. Dil canlı orqanizmdir. Zaman keçdikcə yeni tələblər ortaya çıxır və dil ona uyğunlaşmalıdır", – deyə Anar əlavə edib.
AYB sədrinin sözlərinə görə, klassik ədəbiyyatın təbliğinə xüsusi diqqət yetirmək lazımdır. Bu, çox ümdə məsələdir: "Təəssüf ki, indiki dövrdə klassik ədəbiyyatın təbliğindən razılıq edə bilmərik. Yaxşı bir atalar sözü var: “Keçmişinə güllə atanı gələcəkdə topa tutarlar”. Onları oxumadan, öyrənmədən, tanıtmadan ədəbiyyatı təbliğ etmək mümkün deyil. Klassik yazıçılarımız haqqında filmlər çəkilməlidir. Yeri gəlmişkən, deyim ki, mən onlardan dördü – Mirzə Fətəli Axundzadə, Mirzə Cəlil, Hüseyn Cavid və Üzeyir Hacıbəyli haqqında sənədli film çəkmişəm. İndi də Cəfər Cabbarlı haqqında filmin ssenarisini yazmışam və çox istərdim ki, onun çəkilişləri alınsın. Hazırda həmin filmin çəkilişi üçün vəsait tapılmır. Bizim digər klassiklərimiz haqqında da filmlər çəkilməli, başqa müəlliflər də bu işə qoşulmalıdır".





















