Tarixdəki olaylar

 

20 noyabr Ağdam Şəhəri Günüdür. 2020-ci ilin 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq noyabrın 20-də Ağdam şəhəri və Ağdam rayonunun kəndləri otuz ilə yaxın sürən erməni işğalından azad edilib. Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri haqqında Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixdə imzaladığı sərəncama əsasən, 20 noyabr Ağdam Şəhəri Günü elan olunub.

 

20 noyabr Dünya Uşaq Günüdür (Universal Children’s Day). 1989-cu ilin 20 noyabrında “Uşaq hüquqları haqqında Konvensiya”nın qəbulu ilə bağlı BMT Baş Assambleyası tərəfindən təsis edilib.

 

20 noyabr 1945 – Nürnberq şəhərində faşist Almaniyasının ələ keçmiş rəhbərləri üzərində məhkəmə başlanıb. 1946-cı il oktyabrın 1-də başa çatan məhkəmədə 12 nəfər barəsində ölüm hökmü (asılmaqla) çıxarıldı. Məhkəmənin qərarı oktyabrın 16-da icra olundu.

 

20 noyabr 1975 – Üzeyir Hacıbəylinin Bakıdakı ev-muzeyinin açılışı keçirilib. Respublika hökuməti bu barədə hələ 1949-cu ildə qərar qəbul etsə də, muzeyin təşkili illər sonra, Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə reallaşıb.

 

20 noyabr 1991 – Erməni silahlı dəstələri Qarabağ münaqişəsi gedişində Azərbaycana qarşı ən böyük terror aktını həyata keçirib. Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında içərisində Azərbaycanın dövlət və hökumət rəhbərlərinin olduğu “Mi-8” vertolyotu raketlə vurulub. Vertolyotda olan 22 nəfər, o cümlədən dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri Məhəmməd Əsədov, Baş nazirin müavini Zülfü Hacıyev, SSRİ xalq deputatları Vaqif Cəfərov, Vəli Məmmədov, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, DQMV prokuroru V.Plavski, Dağlıq Qarabağ münaqişəsi regionunda Rusiya və Qazaxıstanın müşahidəçilər qrupunun rəhbərləri, jurnalistlər həlak olmuşdu. Faciə ilə bağlı Azərbaycanda üçgünlük (21–23 noyabr) matəm elan edilib.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

20 noyabr 1910 – Rus yazıçısı və mütəfəkkiri Lev Nikolayeviç Tolstoy (9.9.1828 – 1910) vəfat edib. Əsərləri: “Ailə xoşbəxtliyi”, “Hərb və sülh”, “Anna Karenina”, “Dirilmə” (romanlar), “Kreyser sonatası”, “Kazaklar”, “Hacı Murad” (povestlər), “Canlı meyit” (pyes) və s.

 

20 noyabr 1910 – Yazıçı Məmmədəli Hüseyn oğlu Tarıverdiyev (1910–1985) Ordubad rayonunun Dəstə kəndində doğulub. “Kölgəli dağ”, “Qəmküsar” pyeslərinin müəllifidir.

 

20 noyabr 1927 – SSRİ Xalq artisti Mixail Aleksandroviç Ulyanov (1927 – 26.3.2007) anadan olub. Çəkildiyi filmlər: “Dirilər və ölülər”, “Karamazov qardaşları”, “Qaçış”, “Voroşilov nişançısı” və s.

 

20 noyabr 1930 – Tanınmış aktyor Gündüz Şəmsəddin oğlu Abbasov (1930 – 21.8.1995) anadan olub. “Onun böyük ürəyi”, “Bir qalanın sirri”, “Bizim küçə”, “Dədə Qorqud”, “Doğma sahillər” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. Hekayələr yazıb, tərcümələr edib.

 

20 noyabr 1930 – Ədəbiyyatşünas, publisist, professor, Əməkdar elm xadimi Qulu Qasım oğlu Xəlilov (1930 – 18.11.1995) anadan olub.

 

20 noyabr 1935 – Xalq artisti, məşhur xanəndə Qədir Çərkəz oğlu Rüstəmov (1935 – 14.12.2011) Ağdam rayonunda anadan olub. Muğam və xalq mahnılarının bənzərsiz ifaçısı olub. “Üzeyir ömrü” televiziya filmində Cabbar Qaryağdıoğlu rolunda çəkilib.

 

20 noyabr 1940 – Məşhur xanəndə Keçəçi oğlu Məhəmməd (Məhəmməd Məşədi Xəlil oğlu; 1864–1940) vəfat edib. Şuşada doğulub. İfasında muğam və xalq mahnıları Varşava və Kiyevdə qrammofon vallarına yazılıb. 1926-cı ildən Üzeyir Hacıbəylinin təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik edib.

 

20 noyabr 1956 – Azərbaycan teatr sənətinin görkəmli simalarından biri, Xalq artisti Kazım Ziya (Kazım Cəfər oğlu Kazımzadə; 21.3.1896 – 1956) vəfat edib.

 

20 noyabr 2020 – Xalq artisti, tanınmış diktor Sabir Məmməd oğlu Ələsgərov (27.10.1937 – 2020) vəfat edib.

Hazırladı: Vüqar Orxan