Azərbaycanın mədəniyyət ictimaiyyətinə itki üz verib. Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Əməkdar artist Yadigar Muradov 2025-ci ilin 18 noyabr tarixində, ömrünün 67-ci ilində vəfat edib.

Yadigar Məmməd oğlu Muradov 1958-ci il dekabrın 18-də Ağdam rayonunun Novruzlu kəndində anadan olub. 1976-1980-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Dram və kino aktyoru fakültəsində təhsil alıb.

1980-ci ildə Ağdam Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlayıb. 1983-1990-cı illərdə Şuşa Mədəni-Maarif Texnikumunda müəllim kimi fəaliyyət göstərib. Eyni zamanda Şuşada teatr mühitinin inkişafında, şəhər Mədəniyyət evinin nəzdində dram dərnəyinin, 1987-ci ildən isə dərnəyin əsasında Şuşa Xalq teatrının təşkilində fəal iştirak edib. 

1990-cı ildə Şuşa Dövlət Musiqili Dram Teatrı yaradılanda teatrın direktoru təyin olunub. 1992-ci ildə Şuşa şəhəri erməni silahlı qüvvələri tərəfindən işğal ediləndən sonra Bakıda fəaliyyət göstərən Şuşa teatrı onun rəhbərliyi ilə bir sıra yaradıcılıq uğurlarına nail olub. Kollektiv 2012-ci ildə Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyinin keçirdiyi Milli Teatr Festivalının qalibi olub, 2013-cü ildə Tatarıstanın Kazan şəhərində keçirilən türk xalqlarının “Nauruz” Beynəlxalq Teatr Festivalında ölkəmizi təmsil edib.

Yadigar Muradov Şuşa teatrına rəhbərlik etməklə yanaşı, aktyor kimi yaradıcılıq fəaliyyətini də davam etdirib. Teatrın səhnəsində Əsgər (“Arşın mal alan” – Üzeyir Hacıbəyli), Zəfər (“Özümüz bilərik” – Süleyman Ələsgərov və Şıxəli Qurbanov), Cəsarət (“Nənəmin şahlıq quşu” – Vasif Adıgözəlov və Əliağa Kürçaylı), Aşıq Murad ( “Durna” – Səid Rüstəmov və Süleyman Rüstəm), Vəli Əfəndi (“Bayramın birinci günü” – Nazim Hikmət), Aşıq Vəli (“Yağışdan çıxdıq, yağmura düşdük” – Nəcəf bəy Vəzirov) və s. obrazlar yaradıb.

Eyni zamanda rejissor kimi fəaliyyət göstərib. Quruluş verdiyi Ü.Hacıbəylinin “Arşın mal alan”, S.Ələsgərov və Ş.Qurbanovun “Özümüz bilərik”, S.Qənizadənin “Ayının min bir oyunu”, Ə.Haqverdiyevin “Dağılan tifaq”, A.Əliyevin “Cəhənnəmə gedən yol” və X.Əliyevin “İki əsgər” tamaşaları sənətsevərlər tərəfindən maraqla qarşılanıb. Həmçinin filmlərdə çəkilib, televiziya proqramlarında çıxışları ilə də tamaşaçı rəğbəti qazanıb.

Sənətkarın Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri layiqincə qiymətləndirilib. 2000-ci ildə "Əməkdar artist" fəxri adı, 2018-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib. 2010 və 2025-ci illərdə Prezident mükafatına layiq görülüb. 

***

Yadigar Muradov noyabrın 18-də Bakı şəhərində Badamdar qəbiristanlığında torpağa tapşırılıb. Mərasimdə mədəniyyət xadimləri, teatr ictimaiyyətinin nümayəndələri, mərhumun sənət dostları iştirak ediblər.

"Həkimlər atamın sağalması üçün çox səy göstərdilər. Qismət bu imiş. Bizə dəstək olan hər kəsə, Mədəniyyət Nazirliyinə, Şuşa Rayon İcra Hakimiyyətinə təşəkkür edirəm. Sənət adamları çətin dönəmdə yanımızda oldular. Ailəmiz adından onlara da minnətdaram. Media da atamı diqqətdə saxladı. Hər birinə təşəkkür edirəm", – deyə dəfn mərasimindən sonra sənətkarın oğlu Yaşar Muradov jurnalistlərə açıqlamasında bildirib.

Allah rəhmət eləsin.