11-17 noyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Beynəlxalq Muzeylər Şurasının (ICOM) 27-ci Baş Konfransı keçirilib.

“Sürətlə dəyişən icmalarda muzeylərin gələcəyi” devizi altında təşkil olunan konfransda bir sıra ölkələrdən 3 mindən artıq muzey mütəxəssisi iştirak edib. Tədbirdə ölkəmiz ICOM Azərbaycan Milli Komitəsinin sədri və üzvlərindən ibarət heyətlə təmsil olunub.

Üç ildən bir keçirilən konfrans beynəlxalq muzey ictimaiyyətini müvafiq mövzu ətrafında fikir mübadiləsi aparmaq və əməkdaşlığın genişləndirilməsi baxımından bir araya gətirən mühüm platformadır. Builki konfransın gündəliyinə 10-dan çox plenar sessiya, 100-dən artıq panel və seminar, eləcə də bir sıra interaktiv təlim sessiyaları daxil edilib.

Nümayəndələrimiz müvafiq sahə üzrə üzv olduqları komitələrdə təqdimatlarla çıxış ediblər. Əsmər Babayeva rəhbəri olduğu ICOM Azərbaycan Milli Komitəsinin təşkilatçılığı ilə 2023-2025-ci illərdə ölkəmizin muzey həyatında baş verən yeniliklər, təşkil olunan tədbirlər, beynəlxalq konfranslar və s. haqqında ətraflı məlumat verib.

Tədbirdə ICOM-un növbəti Baş Konfransının 2028-ci ildə Niderlandın Rotterdam şəhərində keçirilməsi qərara alınıb.