Tarixdəki olaylar

 

18 noyabr 1992 – Azərbaycanla Gürcüstan arasında diplomatik münasibətlər qurulub.

 

18 noyabr 1999 –  İstanbuldakı “Çırağan” sarayında Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri layihəsi ilə bağlı tarixi sənədlər imzalanıb. Azərbaycan, Gürcüstan, Türkiyə prezidentləri Heydər Əliyev, Eduard Şevardnadze və Süleyman Dəmirəl hökumətlərarası sazişi, üç ölkənin rəhbəri, habelə ABŞ Prezidenti Bill Klinton və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev layihənin dəstəklənməsinə dair “İstanbul Bəyannaməsi”ni imzalayıblar. 2002-ci ildə inşası başlayan BTC 2006-cı ildə istifadəyə verildi.

 

18 noyabr 2007 – Türkiyənin Ədirnə bölgəsindəki İpsala sərhəd-keçid məntəqəsində Türkiyə-Yunanıstan qaz kəmərinin açılış mərasimi keçirilib. Kəmərin işə salınması ilə Azərbaycan qazının Türkiyə üzərindən Yunanıstana (Avropa Birliyinə) nəqli başlanıb. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Yunanıstanın Baş naziri Kostas Karamanlis iştirak ediblər.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

18 noyabr 1786 – Alman bəstəkar və musiqişünası Karl Maria fon Veber (Carl Maria von Weber; 1786 – 5.6.1826) anadan olub.

 

18 noyabr 1860 – Polyak bəstəkarı və pianoçusu İqnasi Paderevski (Ignacy Padereweski; 1860 – 29.6.1941) anadan olub.

 

18 noyabr 1927 – Rusiya kinorejissoru, ssenarist, SSRİ Xalq artisti Eldar Aleksandroviç Ryazanov (1927 – 30.11.2015) anadan olub. Filmləri: “Avtomobildən qorun!”, “Qəribə təsadüf və ya həmişə təmizlikdə”, “İşdə məhəbbət macərası”, “İki nəfər üçün vağzal” və s.

 

18 noyabr 1990 – Tanınmış aktyor Əfrasiyab Əli oğlu Məmmədov (19.3.1928 – 1990) vəfat edib. “Qızmar günəş altında”, “Koroğlu”, “Dədə Qorqud” və s. filmlərdə çəkilib.

 

18 noyabr 1994 – Görkəmli teatrşünas, publisist, Əməkdar mədəniyyət işçisi Qulam Məmməd oğlu Məmmədli (25.3.1897 – 1994) vəfat edib.

 

18 noyabr 2000 – Görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlu (Mahmudov; 2.11.1937 – 2000) vəfat edib. Musiqili komediyaların, populyar mahnıların müəllifidir, çoxsaylı filmlərə (“Bizim Cəbiş müəllim”, “Gün keçdi”, “Dədə Qorqud”, “Onun bəlalı sevgisi”, “İstintaq” və s.) musiqi yazıb.

 

18 noyabr 2023 – Xalq rəssamı, heykəltaraş Akif İzzətulla oğlu Əsgərov (1.5.1940 – 2023) vəfat edib. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru olub.

Hazırladı: Vüqar Orxan