Noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür. 1988-ci ilin bu günü ermənilərin Qarabağ iddialarına və azərbaycanlı əhalinin Ermənistandan deportasiyasına etiraz olaraq Bakıdakı Lenin (indiki Azadlıq) meydanında kütləvi mitinqlər başlanıb. Dekabrın 4-dək davam edən mitinqlər Azərbaycanın tarixinə Milli dirçəliş hərəkatı kimi düşüb. 1992-ci ildə 17 noyabr Milli Dirçəliş Günü elan edilib.
Azərbaycan xalqının azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə Milli Kitabxanada geniş kitab sərgisi açılıb.
Kitabxanadan verilən məlumata görə, sərgidə Azərbaycan xalqının azadlıq mübarizəsi, ölkəmizin çoxəsrlik tarixi, milli oyanış və azadlıq hərəkatı, dövlətçilik ənənələrinin formalaşması, milli özünüdərk prosesləri, xalqımızın mənəvi dəyərləri, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası, Azərbaycanın ərazi bütövlüyümüzün bərpası və suverenliyinin təmin olunması və s. mövzularda kitablar nümayiş olunur.
***
Milli Dirçəliş Günü ilə əlaqədar Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Milli Dirçəlişdən müstəqilliyə” adlı daycest hazırlanıb.
Kitabxanadan bildirilib ki, materialın hazırlanmasında əsas məqsəd xalqımızın tarixi yaddaşına əbədi həkk olunan Milli Dirçəliş Günü ilə əlaqədar materialları yeniyetmə və gənclərin diqqətinə çatdırmaqdan ibarətdir. 2015-2025-ci illərdə mövzu üzrə dövrü mətbuatda dərc edilən məqalələrin biblioqrafik təsviri, qısa məzmunu və linklərin də təqdim olunduğu daycest kitabxananın saytında yerləşdirilib.
Bundan əlavə, kitabxanada 40-a yaxın kitab və dövrü mətbuat nümunələrini cəmləyən "17 Noyabr - Milli Dirçəliş Günü " adlı sərgi açılıb.






















