Neftçala Dövlət Rəsm Qalereyasında “Qaranlıqdakı imza” adlı sərginin açılışı keçirilib.
Mərasimdə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadə, Qərbi Azərbaycan İcmasının aparat rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov, Neftçala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şaiq Məmmədov, sənətsevərlər, rəssamlar, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər rəssamlar Nigar Abdullayeva və Dadaş Dadaşovun sərgidə nümayiş olunan əsərləri barədə fikirlərini bölüşüblər.
Renessans dövründən XX əsr rəssamlığına qədər incəsənətin müxtəlif istiqamətlərini əhatə edən yaradıcılıq layihəsində hər iki müəllifin əl işlərinin məziyyətlərindən bəhs olunub. Qeyd edilib ki, müxtəlif texnika və üslubların bir araya gətirildiyi sərgi həm fərdi yaradıcılığın təqdimatı, həm də Azərbaycan təsviri sənətində müasir yanaşmaların təbliği baxımından əhəmiyyətlidir.
Çıxışlardan sonra sərgiyə baxış olub.
Qeyd edək ki, sərgidə abstrakt üslubda çəkilən 30 rəsm əsəri, 8 barelyef və müxtəlif üslublarda işlənən əsərlər nümayiş etdirilir. Sərginin nümayişi 30 noyabr tarixinədək davam edəcək.
























