Noyabrın 14-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Vətən müharibəsində Zəfərin 5-ci ildönümünə həsr olunmuş “Tarixə çevrilən həqiqət – unutmadıq, unutmarıq …” adlı tədbir və “Allaha salam” filminin nümayişi keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ADMİU-nun rektoru professor Ceyran Mahmudova giriş sözündə Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” olduğunu xatırladıb, Vətən müharibəsində qazanılan Zəfərin ölkəmiz və bütün Türk dünyası üçün önəmindən danışıb, universitetdə bu mövzuya silsilə tədbirlərin həsr olunduğunu vurğulayıb.
Mərasimdə Vətən müharibəsindən görüntülər və Prezident İlham Əliyevin çıxışlarından ibarət videoçarx nümayiş olunub.
Teatr sənəti fakültəsinin Dram teatrı və kino aktyoru kafedrasının müdiri Əməkdar artist, professor Gülşad Baxşıyeva çıxışında şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını deyib.
Xalq artisti, ADMİU-nun professoru Məmmədsəfa Qasımov şair İlqar Fəhminin “Balaca kişilər” şeirini qiraət edib.
Sonra ADMİU-nun məzunu Xəyal Rzanın “Allaha salam” filmi nümayiş olunub.
Filmin ssenari müəllifi və rejissoru Xəyal Rza və baş rolun ifaçısı Xalq artisti Məmmədsəfa Qasımov ekran əsərinin yaranma prosesindən danışıblar. X.Rza diplom işi kimi vətənpərvərlik mövzusunda bu filmi ərsəyə gətirdikləri üçün məmnunluğunu söyləyib.
Milli Məclisin deputatı Səyyad Aran film haqqında fikirlərini bölüşüb, bu mövzuda ekran əsərlərinin çəkilməsinin əhəmiyyətindən danışıb.






















