Azərbaycan Dövlət Uşaq Filarmoniyası noyabrın 14-də klassik musiqini sevənlərə barokko dövrünün ab-havasını və möhtəşəm ahəngini yaşadan sənət axşamı bəxş edib.

Barokko Qərb musiqi tarixinin parlaq və mürəkkəb bir dövrüdür. Bu dövr musiqisinin məqsədi tamaşaçıda güclü hislər oyatmaq, təmtəraq və dinamik təsir yaratmaq idi.

Uşaq Filarmoniyasındakı konsertdə də səhnə dekoru, işıq effektləri və ümumi vizual həll musiqi ilə harmoniyada bu gecəni olduqca təsirli, sanki o dövrə açılan vizual bir səyahətə çevirib.  

Proqramda İ.S.Bax, G.Hendel, A.Vivaldi və digər bəstəkarların yaradıcılığından səslənən nümunələr gecəyə xüsusi bir zənginlik qatıb.

“Simurq” uşaq musiqi festivalının iştirakçıları, Dövlət Uşaq Filarmoniyasının istedadlı solistləri Büllur Hüseynli (violin), Teymur Qarayev (vokal), Aleksey Dzüba (violin), Nurlana Nəbiyeva (piano), Nigar Həsənova (violin), Deniz Veysalzadə (piano), Fərzin Əfəndiyeva (piano), Fəxriyyə İsqəndərova (piano), Mətanət Ağayeva (piano), Bəhiyyə Əlizadə (flute) barokko dövrünün seçilmiş əsərlərini yüksək ifa ustalığı ilə təqdim edib, dinləyicilərə duyğulu, zərif anlar yaşadıblar.

Dövlət Uşaq Filarmoniyasının direktoru, pianoçu Səidə Tağı-zadənin uşaqlarla birlikdə səhnəyə çıxaraq onlara dəstək olması konsertin diqqətçəkən məqamlarından biri kimi yadda qalıb.

Tamaşaçılar arasında Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey və səfirliyin əməkdaşı, Ukraynanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Kristina Şkula kimi fəxri qonaqlar da olub.

Konsertin sonunda Çin səfirliyinin nümayəndəsi iştirakçılara və Uşaq Filarmoniyasının rəhbərliyinə təşəkkürünü bildirib və kiçik hədiyyələr təqdim edib.