Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak etmək üçün noyabrın 15-də Özbəkistana gedib.
Noyabrın 15-də Daşkənddə "Gələcəyin İrsi" (“Келажак мероси”) beynəlxalq mükafatının təntənəli təqdimat mərasimi keçirilib. Prezident İlham Əliyev mərasimdə iştirak edib.
medeniyyet.info.az xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin 4 noyabr 2025-ci ildə imzaladığı fərmanla təsis edilən beynəlxalq mükafatın məqsədi ədəbiyyat, mədəniyyət, incəsənət, elm, təhsil və rəqəmsal texnologiya sahələrində uğur qazanmış yaradıcı ziyalıların milli və beynəlxalq nümayəndələrini həvəsləndirməkdir.
Mükafatla ənənələrin dirçəldilməsi, incəsənətin inkişafı və milli mənəvi irsin təbliğinə mühüm töhfələr vermiş görkəmli xadimlər təltif olunur. Beynəlxalq mükafatın hər il verilməsi nəzərdə tutulub.
"Gələcəyin İrsi" beynəlxalq mükafatının altı kateqoriya üzrə ilk laureatları Orta Asiya ölkələri və Azərbaycanın nümayəndələri olub:
“Ədəbiyyat” kateqoriyasında Qırğızıstanın Xalq yazıçısı,TÜRKSOY-un baş katibi Sultan Raev;
“Mədəniyyət” kateqoriyasında Tacikistanın Xalq şairi Dövlət Səfərzoda;
“Teatr və kino” kateqoriyasında Qazaxıstanın M.Auezov adına Milli Dram Teatrının aktyoru Yerkebulan Dairov;
“Musiqi və rəqs” kateqoriyasında Azərbaycanın Xalq artisti Alim Qasımov;
“Təsviri və tətbiqi incəsənət” kateqoriyasında Türkmənistanın Xalq artisti Babasari Annamiradov;
Elm, təhsil və rəqəmsal texnologiyalar” kateqoriyasında Özbəkistan Kənd Təsərrüfatı Nazirliyi yanında Beynəlxalq Mərkəzin direktor müavini, kənd təsərrüfatı elmləri doktoru Diləfruz Eqamberdiyeva.
Mükafatın əsasnaməsinə görə, hər kateqoriya üzrə laureata heykəlcik, diplom və 10 min dollar məbləğində pul verilir.

























