Xəbər verdiyimiz kimi, 13-15 noyabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə “Mərkəzi Asiyada mənəvi irs və maarifçilik” mövzusunda beynəlxalq konqres keçirilir.
Özbəkistan, Qazaxıstan, Tacikistan, Türkmənistan və Qırğızıstanın - beş Mərkəzi Asiya ölkəsinin təmsil olunduğu konqresdə mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edir.
Konqres çərçivəsində noyabrın 14-də Nazirlər Konfransı təşkil olunub.
Açılış nitqi söyləyən Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov dost ölkələri bir araya gətirən beynəlxalq konqresin əhəmiyyətini qeyd edib, tədbirin və Nazirlər Konfransının ölkələrimiz arasında mədəni əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminliyini bildirib.
Konfransda çıxış edən mədəniyyət naziri Adil Kərimli Azərbaycan tərəfini bu mötəbər beynəlxalq tədbirə dəvət etdiyinə görə özbəkistanlı həmkarına təşəkkürünü bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi önəm verdiyini deyən nazir son illərdə bu beş dost ölkə ilə əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayıb.
Sonra Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva, Tacikistanın mədəniyyət naziri Matlubaxon Sattoriyen, Türkmənistanın mədəniyyət naziri Atageldi Şamıradov, Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Mirbek Mambataliyev çıxış ediblər.
Nazirlər ölkələrimiz arasında mədəni inteqrasiyanın əhəmiyyətini vurğulayıb, əməkdaşlığın dərinləşdirilməsinin perspektivlərindən danışıblar.























