Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziyası və "Emedia Group"un birgə təşkilatçılığı ilə milli teatr və kino tarixinin əfsanəsi, Xalq artisti, Dövlət mükafatı laureatı, “Şərəf” və “Şöhrət” ordenli, Bakı Bələdiyyə Teatrının yaradıcısı Amaliya Pənahovanın 80 illik yubileyinə həsr olunmuş “Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimat mərasimi keçirilib.

Nizami Kino Mərkəzində təşkil edilən təqdimatda Azərbaycan Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Xalq artistləri Nurəddin Mehdixanlı və Həmidə Ömərova, ekran əsərinin ideya müəllifi "Emedia Group"un rəhbəri Elşən Əliyev, ssenari müəllifi Ülviyyə Heydərova, rejissor Şəlalə Hüseynova çıxışlar edib, sənətkar haqqında fikirlərini bildiriblər.

Filmin yaradıcı heyəti də təqdimatda çıxış edərək Amaliya Pənahova kimi geniş yaradıcılığa malik bir aktrisa haqqında film çəkməyin necə böyük məsuliyyət hissi olduğunu vurğulayıb.

Sonra film nümayiş olunub və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Azərbaycan Televiziyasının kinoproqramlar redaksiyasında istehsal olunan filmdə Xalq artistinin yaradıcılığını əhatə edən məqamlara, zəngin yaradıcılıq yoluna nəzər salınıb, aktrisanın səhnəyə gəlişindən ömrünün son günlərinə qədər olan fəaliyyəti - Bakı Bələdiyyə Teatrını yaratması, özünün quruluş verdiyi tamaşalar, rejissor kimi həyata keçirdiyi tədbirlər, ümumiyyətlə, mədəniyyət və ictimai xadim kimi gördüyü işlər əks olunub.

Xalq yazıçısı Anar, Xalq artistləri Rasim Balayev, Hacı İsmayılov, Mərahim Fərzəlibəyov, akademik Rafael Hüseynov, Əməkdar incəsənət xadimi Məryəm Əlizadə filmdə sənətkarla bağlı xatirələrini bölüşüblər. Filmdəki bədii səhnələr aktrisanın sənətdə ilk addımlarını atdığı və yaradıcılığının 30 ilini həsr etdiyi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çəkilib.

“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli ekran əsərinin ideya müəllifi Elşən Əliyev, layihə rəhbəri Elnur Məmmədov, ssenari müəllifi Ülviyyə Heydərova, rejissoru Şəlalə Hüseynova, təsvir rejissorları Elxan Novruzov, Bəhram Cəbrayılovdur. Filmdə Bakı Bələdiyyə Teatrının aktyorları Ülviyyə Rza və Toğrul Rza iştirak edirlər.