Noyabrın 14-də Özbəkistan Milli Kinematoqrafiya Sarayında Mərkəzi Asiya və Azərbaycan Kinosu Günlərinin açılışı olub.
Kino günləri Daşkənddə keçiriləcək və Azərbaycanın da fəxri qonaq kimi dəvət olunduğu Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü (16 noyabr 2025-ci il) ərəfəsində silsilə tədbirlərindən biridir. Kino günləri nümayəndə heyətlərinin qatıldığı dəyirmi masa ilə başlayıb.
Tədbirdə Özbəkistan Mədəniyyət Nazirliyi yanında Kinematoqrafiya Agentliyinin direktoru Şuxrat Rizayev, Azərbaycan Kino Agentliyinin baş direktoru Rəşad Əzizov, Qazaxıstan Milli Kinoya Dövlət Dəstəyi Mərkəzinin sədr müavini Adilet Ömərov, digər ölkələrdən qonaqlar iştirak ediblər.
Çıxışlarda türk dövlətlərinin rejissorları arasında yaradıcı əlaqələrin yeni inkişaf səviyyəsinə çatdığı qeyd edilib. Vurğulanıb ki, müxtəlif beynəlxalq film festivalları və yaradıcılıq müsabiqələri, eləcə də birgə filmlərin yaradılması prosesi bu əməkdaşlığı daha da gücləndirir. Mərkəzi Asiya və Azərbaycan Kinosu Günləri insanları incəsənət vasitəsilə bir araya gətirmək və təcrübə mübadiləsi aparmaq üçün mühüm platforma rolunu oynayır.
Yaradıcı layihənin ilk günündə qısametrajlı filmlərin nümayişi olub.



















