Tarixdəki olaylar
14 noyabr 2006 – Brüsseldə Avropa Birliyi (AB) ilə Azərbaycan arasında Avropa Qonşuluq Siyasəti üzrə Fəaliyyət Planı imzalanıb. Avropa Qonşuluq Siyasəti AB-nin genişlənməsi kontekstində 2003-cü ildə qəbul edilmiş Avropa Təhlükəsizlik Strategiyası əsasında hazırlanmışdı. Sənədə AB-nin Aralıq dənizindən Qara dənizədək qonşuları, həmçinin 2004-cü ildən üç Cənubi Qafqaz ölkəsi daxil edilmişdi.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
14 noyabr 1840 – Fransız rəssamı, impressionizmin banilərindən Klod Mone (Oscar-Claude Monet; 1840 – 5.12.1926) anadan olub.
14 noyabr 1907 – İsveç yazıçısı Astrid Lindqren (Astrid Anna Emilia Lindgren-Griksson; 1907 – 28.1.2002) anadan olub. Uşaqlar üçün məşhur əsərlərin (“Balaca və Karlson”, "Uzuncorab Peppi") müəllifidir.
14 noyabr 1924 – Məşhur skripkaçı, SSRİ Xalq artisti Leonid Borisoviç Koqan (1924 – 17.12.1982) anadan olub.
14 noyabr 1925 – Şair, nasir, publisist Gəray Fəzli (Gəray Fəzli oğlu Alimov; 1925 – 26.12.1995) Qax rayonunun İlisu kəndində doğulub. Şeirlərinə populyar mahnılar yazılıb.
14 noyabr 1942 – Əməkdar artist, xanəndə Sabir Nüsrət oğlu Mirzəyev (1942 – 23.7.2011) Cəlilabad rayonunda anadan olub. İfasında lentə alınan muğam və xalq mahnıları teleradionun “qızıl fond”unda saxlanılır.
14 noyabr 1944 – Xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseyn oğlu Hüseynov (1944 – 5.4.2021) Ağdam rayonunun Gülablı kəndində doğulub.
14 noyabr 1949 – Xalq artist Rafiq Hacıbaba oğlu Əliyev (1949 – 16.4.2020) Füzuli rayonunun Merdinli kəndində anadan olub. Gənc Tamaşaçılar Teatrında aktyor, rejissor kimi fəaliyyət göstərib, filmlərdə (“Qəm pəncərəsi”, “Qətl günü” və s.) çəkilib.
14 noyabr 2006 – Xalq artisti, estrada müğənnisi Oqtay Cəfər oğlu Ağayev (7.11.1934 – 2006) vəfat edib.
Hazırladı: Vüqar Orxan























