AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Nizami Gəncəvi Əlyazmalarının tədqiqi şöbəsinin böyük elmi işçisi Günel Quliyeva 6-9 noyabr tarixlərdə Ankarada keçirilmiş “Transdisiplinarlığa doğru...” II Beynəlxalq Ədəbiyyat, Dil və Təhsil Araşdırmaları Simpoziumunda onlayn şəkildə iştirak edib.
simpoziumda əməkdaşımız “Əlyazma qaynaqlarında Seyid Əzim Şirvani üslubunun qorunması və təhriflər” mövzusunda məruzə edib.
Türkiyə, Azərbaycan, Özbəkistan, Gürcüstan, Çin, Hindistan və İranın aparıcı təhsil və elmi-tədqiqat müəssisələrindən alim və mütəxəssislərin qatıldığı beynəlxalq simpozium EDEA – Ədəbiyyat, Dil və Təhsil Araşdırmaları Qurumu, Türkiyənin UNESCO üzrə Milli Komissiyası, ANASEM – Anadolu Semiotik Araşdırmalar Dərnəyi, “Nobel” nəşriyyatı və Çankaya Bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilib.
***
Əlyazmalar İnstitutunun əməkdaşları 4-5 noyabr tarixlərdə Tacikistanın Düşənbə şəhərində keçirilmiş “Əbu Əli İbn Sinanın elm, fəlsəfə və dünya sivilizasiyasının inkişafına töhfəsi” adlı beynəlxalq simpoziumda onlayn şəkildə iştirak ediblər.
Özbəkistan, Rusiya, Pakistan, Fransa, Malayziya və digər ölkələrdən alim və mütəxəssislərin qatıldığı simpoziumda institutun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Sevinc Bayramova “İbn Sina irsinin Azərbaycanda tədqiqi”, Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsinin redaktoru Vəfa Şərifova “Əbu Əli İbn Sinanın dünya fəlsəfə tarixində rolu”, Biblioqrafiya şöbəsinin laborantı Aytən Musayeva isə “İbn Sina fəlsəfəsi” mövzularında məruzə ediblər. Məruzələr konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb, verilən suallar cavablandırılıb.
Beynəlxalq simpozium Tacikistan Milli Elmlər Akademiyası, TMEA A.Baxovəddinov adına Fəlsəfə, Politologiya və Hüquq İnstitutunun Fəlsəfə tarixi şöbəsi və “İbn Sinaşünaslıq” Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.






















