Azərbaycanın tanınmış jurnalisti, "Euronews" telekanalının müxbiri Emin İbrahimov Türkiyədə yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.

Emin İbrahimovun "Euronews"da fəaliyyəti, xüsusilə 2020-ci ilin Vətən müharibəsi zamanı hazırladığı reportaj və süjetləri obyektivliyinə və peşəkarlığına görə ona böyük nüfuz qazandırıb.

O, 48 yaşında dünyasını dəyişib.

Medianın İnkişafı Agentliyi jurnalistin vəfatı ilə bağlı başsağlığı yayıb.

"Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi tanınmış jurnalist Emin İbrahimovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!" – deyə agentliyin sosial media hesabında yayılan paylaşımda qeyd olunur.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də jurnalist Emin İbrahimovun vəfatı ilə bağlı başsağlığı mesajı yayıb. Bu barədə o özünün "X" sosial media şəbəkəsindəki səhifəsində paylaşım edib.