Qazax Dövlət Dram Teatrının səhnəsində Xalq yazıçısı Kamal Abdullanın "Bir, iki – bizimki!" pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçirilib.
Teatrın direktoru rejissor Allahverdi Musayevin quruluş verdiyi səhnə əsəri insan münasibətlərinin incə psixoloji qatlarını, axtarış və anlaşma arasındakı ziddiyyətləri əks etdirir.
Tamaşanın rəssamı Aysan Omarova, musiqi tərtibatçısı Allahverdi Musayev, rejissor assistenti Ceyhun Vəlizadədir.
Rolları Əməkdar artist Xəzər Gəncəli, aktyorlar Rüfət Ömər, Zəmanə Dərviş, Xaqan Qurbanov və Səbinə Yusifova canlandırırlar.
Dünyagörüşü fərqli olan iki insanın dialoqu, bir-birinə təmassız toxunuşları, ehtirası, sevgisi, peşmanlığı, mübahisəsi, qovuşmaq arzuları üzərində qurulan səhnə əsəri teatrsevərlər tərəfindən böyük maraqla qarşılanıb.
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, rayonun rəsmiləri, Azərbaycan Dillər Universiteti Azərbaycan ədəbiyyatı kafedrasının müdiri akademik Muxtar İmanov və Magistratura şöbəsinin müdiri pedaqogika elmləri doktoru, dosent Firuzə Rzayeva, Xalq artisti Tariyel Qasımov, paytaxt Bakıdan təşrif buyurmuş digər qonaqlar da tamaşaçılar arasında olublar.
Sonda teatrı kollektivi adından özəl hazırlanmış hədiyyə müəllifə çatdırılması üçün akademik M.Kazımova təqdim edilib.


























