Tarixdəki olaylar

 

12 noyabr 1995 – Azərbaycanda Konstitusiyanın qəbul olunması ilə bağlı referendum və Milli Məclisə ilk seçkilər keçirilib. MSK-nın rəsmi məlumatına görə, səsvermədə ölkə üzrə seçicilərin 86 faizi (3,5 mln. nəfər) iştirak etmiş, seçicilərin 92 faizi Konstitusiya layihəsini dəstəkləmişdi. Yeni Konstitusiya 1995-ci il noyabrın 27-də rəsmi mətbuatda dərc olunaraq qüvvəyə minib. Prezident Heydər Əliyevin fərmanı ilə 12 noyabr Konstitusiya Günü elan edilib.

Birinci çağırış Milli Məclisə seçkilər majoritar (100 birmandatlı dairə) və proporsional (25 yer) sistem üzrə keçirilib. Proporsional sistem üzrə 25 yerdən 19-nu YAP əldə etmiş, AXCP və AMİP hərəyə 3 mandat qazanmışdı. Majoritar sistem üzrə 99 dairədən (Xankəndi dairəsindən savayı) 71-də qaliblər ilk turda məlum oldu. 28 dairədə ikinci tur və yeni seçkilər (26 noyabr 1995 və 6 fevral 1996) keçirildi. Bu seçkilərdən sonra YAP Milli Məclisdə ümumilikdə 54 yer qazandı. Parlamentə 55 bitərəf deputat seçilmişdi. Daha 8 mandatı digər partiyalar əldə etmişdi.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

12 noyabr 1935 – Rus aktrisası və müğənnisi, SSRİ Xalq artisti Lyudmila Markovna Qurçenko (1935 – 30.3.2011) anadan olub.

 

12 noyabr 1942 – Xalq rəssamı Mirnadir Mirəli oğlu Zeynalov (1942 – 10.3.2021) Bakının Buzovna kəndində anadan olub. Hindistana yaradıcılıq ezamiyyəti (1987) ilə bağlı silsilə əsərlər çəkib. Əsərləri xaricdə nümayiş olunub.

 

12 noyabr 1996 – Əməkdar memar Fərman Həsənqulu oğlu İmamquliyev (23.2.1926 – 1996) vəfat edib. Gəncədəki Nizami məqbərəsinin layihə müəllifidir.

Hazırladı: Vüqar Orxan