Albaniyanın paytaxtı Tiranada, bu ölkənin Milli Kitabxanasında Azərbaycan ədəbiyyatı bölməsi açılıb. Mərasimdə Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, ölkəmizin Albaniyadakı fövqəladə və səlahiyyətli səfiri Anar Hüseynov iştirak ediblər.
Bu barədə Azərbaycan Milli Kitabxanası məlumat yayıb.
Tədbirdən öncə Kərim Tahirov Albaniya Milli Kitabxanasının direktoru Piro Mişa ilə görüşüb. İki ölkənin milli kitabxanaları arasında imzalanmış əməkdaşlıq memorandumunun icrası və konkret təkliflər müzakirə edilib.
Piro Mişa iki ölkə arasında mədəni əməkdaşlığın son illərdə əhəmiyyətli dərəcədə inkişaf etdiyini vurğulayıb. Bildirib ki, Albaniya Milli Kitabxanasında yaradılan Azərbaycan ədəbiyyatı bölməsi iki ölkə arasında dostluq və mədəni əlaqələrin möhkəmlənməsinə xidmət edir. Bölmə yalnız kitab kolleksiyası deyil, həm də xalqlarımız arasında mənəvi və intellektual körpü rolunu oynayır. Belə layihələr ölkələrimiz arasında qarşılıqlı anlaşma və hörmətin dərinləşməsinə şərait yaradır, gənc nəsillərin bir-birinin mədəni irsi ilə tanış olması üçün əhəmiyyətli platforma təşkil edir.
Piro Mişa vurğulayıb ki, Albaniya Milli Kitabxanası gələcəkdə Azərbaycan ədəbiyyatı ilə bağlı tədbirlər, oxu günləri təşkil etməyi, eyni zamanda iki ölkənin yazıçılarının və alimlərinin mübadiləsini davam etdirməyi planlaşdırır.
Səfir Anar Hüseynov yeni açılan bu bölmənin ölkəmizin mədəniyyətinin təqdimatı baxımından böyük önəm daşıdığını bildirib. Qeyd edib ki, Azərbaycan ədəbiyyatı yalnız milli mədəniyyətimizin əks olunması deyil, həm də insanlığın ümumi mənəvi xəzinəsinə dəyərli töhfədir. Albaniyada yaradılan Azərbaycan ədəbiyyatı bölməsi ölkəmizin mədəniyyətini tanıtmaqla yanaşı, gənc nəslin dünyagörüşünü genişləndirmək üçün də əhəmiyyətli vasitədir.
Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov diqqətə çatdırıb ki, bu bölmə Azərbaycan ədəbiyyatının zənginliyini və müxtəlifliyini nümayiş etdirmək baxımından böyük əhəmiyyət kəsb edir. Bu kitab kolleksiyası həm də Albaniya oxucuları üçün Azərbaycan mədəniyyətinə və tarixinə açılan bir pəncərədir. O xatırladıb ki, 2022-ci il oktyabrın 7-də VIII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Milli Kitabxanasında Albaniya Milli Kitabxanasının daimi guşəsi açılıb və qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb. K.Tahirov bildirib ki, əməkdaşlıq bu gün öz real bəhrəsini verir və Azərbaycan ədəbiyyatı bölməsinin yaradılması bu əlaqələrin davamı kimi əhəmiyyət kəsb edir.
Sonra Azərbaycan ədəbiyyatı bölməsinə baxış keçirilib.
Sonda Azərbaycan heyəti Albaniya Milli Kitabxanası ilə tanış olub.























