Xəbər verdiyimiz kimi, İstanbulda Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyanın 5-ci iclası keçirilib.

İclas zamanı Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) ilə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kino Baş İdarəsi arasında gələcək əməkdaşlıq perspektivləri də müzakirə edilib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti TRT-nin İstanbulda yerləşən kino istehsalat pavilyonlarına baş çəkiblər. Mədəniyyət nazirinin müavini Fərid Cəfərov, ARKA-nın baş direktoru Rəşad Əzizov və digər rəsmi şəxslər “Mehmet: Fəthlər Sultanı” serialının çəkiliş meydançasına baxış keçirərək istehsalat prosesi və texniki imkanlarla tanış olublar.

Türkiyənin serial və kino sənayesində dünya miqyasında formalaşdırdığı istehsal mühiti və infrastruktur barədə məlumat təqdim olunub. Səfərin məqsədi tarixi film istehsalında qabaqcıl təcrübənin öyrənilməsi, texniki proseslərin izlənməsi, həmçinin Türkiyə kino istehsalçılarının Azərbaycanda çəkilişlərə cəlb olunması istiqamətində qarşılıqlı əməkdaşlığın genişləndirilməsidir.

Qeyd edək ki, ARKA tarixi mövzulu filmlərin istehsalına və kino sənayesi infrastrukturunun gücləndirilməsinə xüsusi önəm verir. Bu səbəbdən dövlət dəstəyi ilə həyata keçirilən film layihələrinin müsabiqələrində tarixi janr prioritet istiqamət kimi müəyyən edilib.

“Azərbaycan Respublikasının ərazisində kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 may tarixli Sərəncamına əsasən Nazirlər Kabineti tərəfindən təsdiq olunan “Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi Qaydaları” ölkəmizi beynəlxalq çəkiliş məkanı kimi inkişaf etdirmək, xarici investisiyaları cəlb etmək və beynəlxalq kino əməkdaşlığını genişləndirməyə xidmət edir.

Hazırda “Azərbaycanfilm” kinostudiyasında tarixi filmlərin çəkilişi üçün müasir infrastrukturun yaradılması üzrə planlaşdırma işləri davam edir.