Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı Zəfərin 5 illiyinə həsr olunan “Qarabağ çalarları” adlı musiqili çarxı geniş tamaşaçı auditoriyasına təqdim edib.
Teatrdan bildirilib ki, layihə Qarabağın mədəni ruhunu, azadlıq sevincini və xalqımızın böyük Qələbəsini musiqi, vizual obraz və hisslərin harmoniyasında canlandırır. “Qarabağ çalarları”nın ideyası – Qarabağın azad olunması ilə dirçələn milli qürurumuzu, Zəfər sevincini və musiqi vasitəsilə ifadə olunan emosional gücü tamaşaçıya yaşatmaqdır.
Layihə rəhbəri Ülviyyə Bəbirli, bəstəkarı Elbəy Məmmədzadə olan musiqili kompozisiyada solistlər – zurnada Hakim Abdullayev, saksafonda Arif Məmmədov və pianoda müəllifin özü Elbəy Məmmədzadə çıxış ediblər. Əsər Rəşid Behbudov adına Estrada-simfonik orkestri tərəfindən ifa olunub.
Dövlət Mahnı Teatrının direktoru Ülviyyə Bəbirli bildirib ki, “Qarabağ çalarları” bizim üçün təkcə bir musiqi əsəri deyil, Zəfərin səsini və duyğusunu əks etdirən bir musiqi tablosudur: "Bu çarxda biz azad torpaqların nəfəsini, qürur dolu yaddaşımızı və xalqımızın qəlbində yaşayan sevinci musiqi ilə ifadə etdik. Hər not, hər səhnə o torpaqlara olan sevgidən qaynaqlanıb”.
“Qarabağ çalarları” Mahnı Teatrının vətənpərvərlik mövzusuna göstərdiyi xüsusi diqqətin növbəti təcəssümüdür. Teatr bu layihə ilə Zəfər yaddaşını musiqinin dili ilə qorumaq, azad torpaqların ruhunu gələcək nəsillərə ötürmək missiyasını daşıyır.
“Qarabağ çalarları” musiqili videoçarxını bu linkdən izləyə bilərsiniz.





















