Azərbaycan Dövlət Film Fonduna şəxsi arxivdən yeni fotosənədlər daxil olub. Təqdim olunan fotosənədlər 1974-cü ildə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Qatır Məmməd” filminin çəkiliş prosesini əks etdirir.
Bu barədə Dövlət Film Fondundan məlumat verilib.
Bildirilib ki, fotoşəkillərdə filmin quruluşçu rejissoru Xalq artisti Rasim Ocaqovun və çəkiliş qrupunun digər üzvlərinin nadir görüntülərinə rast gəlmək mümkündür. Onların arasında çöl şəraitində çəkilişlərdən, çar üsul-idarəsi tərəfindən məhkum edilərək Sibirə katorqaya göndərilən Qatır Məmmədin məhbus qatarından qaçış epizodunun çəkilişindən fotolar da var.
Yeni əldə olunmuş fotosənədlər Azərbaycan kino tarixinin öyrənilməsi baxımından əhəmiyyətli rola malikdir.























