Tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində Zəfərimizin 5-ci ildönümü tamam olur. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq göstərərək 30 ilə yaxın düşmən işğalında olan Qarabağ və Şərqi Zəngəzuru azadlığa qovuşdurub, xalqımıza əbədi qürur bəxş edib.

Şanlı Qələbəmizin ildönümü Mədəniyyət Nazirliyi sistemindəki müəssisələrdə müxtəlif səpkili tədbirlərlə qeyd olunur.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən 36 nömrəli Uşaq musiqi məktəbinin 8 Noyabr – Zəfər Gününə həsr olunmuş "Güc birlikdədir!" adlı konserti keçirilib.

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində təşkil olunan konsertdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən Vətən fədailərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər rəşadətli Ordumuzun gücü və xalqımızın bir amal uğrunda Ali Baş Komandanın ətrafında yumruq kimi birləşməsinin Azərbaycana şanlı Qələbə qazandırmasından danışıb, təbriklərini çatdırıblar.

Daha sonra səhnə məktəbin şagird və müəllimlərinin ixtiyarına verilib.

Əsasən vətənsevərlik ruhlu musiqi əsərlərinin yer aldığı proqramda müəllim və şagirdlər ifaları ilə tamaşaçıların könlünü oxşayıblar. Konsert proqramı alqışlarla qarşılanıb.