Tarixdəki olaylar
7 noyabr 1659 – Fransa ilə İspaniya arasında 1635-ci ildə başlanan müharibə Pireney sülhünün imzalanması ilə nəticələnib. İspaniya sərhəd bölgələrdəki bəzi əraziləri, o cümlədən nəzarətində olan Niderlandın bir hissəsini Fransaya verdi. Əvəzində Fransa zəbt etdiyi Kataloniya ərazilərini İspaniyaya qaytardı.
7 noyabr 1917 – Rusiyada tarixə “Böyük Oktyabr Sosialist İnqilabı” kimi düşmüş bolşevik üsyanı qələbə çalıb. Üsyan noyabrın 6-da (köhnə təqvimlə 24 oktyabr) Petroqradda (Sankt-Peterburq) başlanmışdı. Müvəqqəti Hökumətin yerləşdiyi Qış sarayının alınması noyabrın 7-nə keçən gecə baş verib. “Tavriya” zalında çıxış edən Vladimir Lenin hakimiyyətin sovetlərin (bolşeviklərin) əlinə keçdiyini bəyan edib.
7 noyabr 1949 – Abşeron yarımadasının 40 km cənub-şərqində, Xəzərin Azərbaycan sektorundakı “Qara daşlar” adlanan yerdə ilk neft quyusu fontan vurub. “Qara daşlar”ın fəthi 1947-ci ildə məşhur neftçi-geoloq, “Azneftkəşfiyyat”ın rəisi Sabit Orucovun rəhbərliyi ilə başlanmış, 1948-ci ilin noyabrında ilk neft desantı ərazidə məskən salmışdı. Sonralar bu yerdə dəniz şəhəri – polad dirəklər üzərində Neft Daşları salındı.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
7 noyabr 1810 – Macar bəstəkarı, pianoçu və dirijor Erkel Ferens (Erkel Ferenc; 1810 – 15.6.1893) anadan olub.
7 noyabr 1913 – Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1957) laureatı Alber Kamyu (Albert Camus; 1913 – 4.1.1960) anadan olub. Ekzistensializm fəlsəfəsinin tanınmış nümayəndəsidir. Əsərləri: “Vəba”, “Özgə”, “Sizif haqqında mif”, “Qiyamçı adam”, “Şeytanlar” və s.
7 noyabr 1877 – Aktyor, vokalçı Hənifə Həsən oğlu Terequlov (Məhəmmədhənifə Tanrıqulov; 1877 – 18.12.1942) Tiflisdə doğulub. Hacıbəyli qardaşlarının teatr truppasının, digər teatr cəmiyyətlərinin üzvü olub.
7 noyabr 1898 – Əməkdar incəsənət xadimi, aktyor, rejissor Məmməd Əli oğlu Əlili (1898 – 13.6.1993) anadan olub. “Ögey ana”, “Dağlarda döyüş” və s. filmlərin 2-ci rejissoru olub, “Dəli Kür”, “Nəsimi” filmlərində çəkilib.
7 noyabr 1905 – Teatr və kino rejissoru Şua Nəsrulla oğlu Şeyxov (1905 – 27.1.1970) anadan olub. Gənc Tamaşaçılar, Füzuli Dram teatrlarında çalışıb. “Qəribə əhvalat”, “Kölgələr sürünür” (İsmayıl Əfəndiyevlə birgə) və s. filmləri çəkib.
7 noyabr 1908 – Şair, alim, pedaqoq Maqsud Məsim oğlu Şeyxzadə (1908 – 19.2.1967) anadan olub. Bakıda təhsil alıb, sonra Daşkəndə köçüb. Özbəkistanın tanınmış ədibi olub, özbək dilində əsərlər, ssenarilər yazıb, tərcümələr edib.
7 noyabr 1917 – Görkəmli bəstəkar, Xalq artisti Tofiq Ələkbər oğlu Quliyev (1917 – 4.10.2000) Bakıda doğulub. Azərbaycan estrada musiqisinin yaradıcılarından biridir. “Bəxtiyar”, “Görüş”, “Ögey ana”, “Onu bağışlamaq olarmı?”, “Nəsimi”, “Qayınana” və s. filmlərə, tamaşalara musiqi bəstələyib. Bəstəkarlar İttifaqının sədri olub.
7 noyabr 1917 – Xalq rəssamı Tağı Əzizağa oğlu Tağıyev (1917 – 27.6.1993) Bakıda anadan olub. “Qara Qarayev”, “Səttar Bəhlulzadə”, “Səməd Vurğun”, “Koroğlu”, “Babək” portretlərinin müəllifidir.
7 noyabr 1917 – Türkoloq alim, professor İren İsgəndər bəy qızı Məlikova (Melikoff; 1917 – 9.1.2009) Peterburqda doğulub. 1919-cu ildə ailəsi Fransaya köçüb. Fransada azərbaycanlı diasporunun tanınmış simalarından olub.
7 noyabr 1920 – Azərbaycanın ilk radio diktorlarından biri, Xalq artisti Fatma Ağacabbar qızı Cabbarova (1920 – 29.11.2010) Bakıda anadan olub. 1991-ci ilədək Dövlət Teleradio Verilişləri Şirkətində işləyib.
7 noyabr 1925 – Əməkdar incəsənət xadimi, teatr rəssamı Əyyub Səfər oğlu Fətəliyev (1925 – 21.4.2000) İrəvanda anadan olub. Akademik Opera və Balet Teatrında quruluşçu rəssam işləyib.
7 noyabr 1934 – Xalq artisti, tanınmış müğənni Oqtay Cəfər oğlu Ağayev (1934 – 14.11.2006) Bakıda anadan olub. Azərbaycan Dövlət Estrada Orkestrinin, Azərbaycan Televiziyası və Radiosu Estrada orkestrinin solisti olub.
7 noyabr 1940 – Xalq artisti, xanəndə Baba Mahmudoğlu (Mirzəyev; 1940 – 6.12.2006) Qazax rayonunda doğulub. Opera tamaşalarında (“Leyli və Məcnun”, “Aşıq Qərib”, “Əsli və Kərəm” və s.) əsas partiyaları ifa edib.
7 noyabr 1945 – Xalq artisti Zərnigar Fəti qızı Ağakişiyeva (1945 – 8.2.2018) Quba rayonunun Rustov kəndində anadan olub. Akademik Milli Dram Teatrında (1973-2011) çalışıb, televiziya tamaşalarında, filmlərdə (“Dantenin yubileyi”, “Təhminə” və s.) maraqlı obrazlar yaradıb.
7 noyabr 1979 – Tanınmış rejissor, aktyor Yusif Yulduz (Yusif Seyfulla oğlu Əliyev; 1905–1979) vəfat edib. Peşəkar təhsil alan ilk azərbaycanlı teatr rejissorlarındandır. Akademik Milli Dram, Opera və Balet, Gəncə, Quba və b. teatrlarda çalışıb. Filmlərdə çəkilib.
7 noyabr 1990 – Əməkdar incəsənət xadimi, görkəmli kinorejissor, operator Əlisəttar Ələsgər oğlu Atakişiyev (25.12.1906 – 1990) vəfat edib.
Hazırladı: Vüqar Orxan


























