Sumqayıt Dövlət Dram Teatrında yazıçı Mirzəağa Atəşin “Şərəfin sandığı” komediyası əsasında “Gəlinlərin savaşı” adlı yeni tamaşasının məşqləri başlanıb.
Teatrın mətbuat xidmətindən bildirilib ki, tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, rejissorlar Ümid Abbaszadə və Ləman Məmmədli, quruluşçu rəssam Osman Salmanov, musiqi tərtibatçısı Telman Qəniyev, rejissor assistenti Fazilə Rzayevadır.
Səhnə əsərində Əməkdar artistlər Fəranə Musayeva, İlahə Səfərova, aktyorlar İlahə Səfərova, Məryəm Hüseynli, Aynur Hümmətova, Şəmistan Süleymanlı, Kamran Muradlı, Emil Həmidov və Şəhriyar Aşkari rol alıblar.
“Gəlinlərin savaşı” ailə münasibətlərinə yumor prizmasından baxan, üç ərköyün gəlinlə sülhsevər qayınananın qarşıdurması üzərində qurulmuş maraqlı komediyadır.
Gəlinlərin eqosu və qayınanaya qarşı davranışları ailədə gərginliyə səbəb olur. Lakin müdrik qayınana bu vəziyyəti zəka və təmkinlə həll edərək ailədə harmoniya yaradır.
Məişət münaqişələrinin doğurduğu gülməli vəziyyət tamaşaçını həm əyləndirəcək, həm də düşündürəcək.























