Milli Azərbaycan Tarixi Muzeyində 44 günlük Vətən müharibəsində tarixi Qələbənin 5 illiyinə həsr olunmuş “Zəfərə gedən yol” adlı V Respublika rəsm və əl işləri müsabiqə-sərgisi keçirilib.
Muzeydən verilən məlumata görə, sərgidə istedadlı və yaradıcılıq qabiliyyətli uşaq və gənclərin Vətən müharibəsinə, müzəffər Ordumuzun qəhrəmanlığına, azad edilmiş Qarabağ torpaqlarına, o cümlədən Şuşa şəhərinə həsr olunmuş 70-dən çox rəsm əsəri və əl işi nümayiş etdirilib.
Kuratoru muzeyin əməkdaşı Aynur Babayeva olan layihənin məqsədi gənclərdə vətənpərvərlik ruhunu möhkəmləndirmək, onların istedad və yaradıcılıq bacarıqlarını üzə çıxarmaq və ictimaiyyətə təqdim etməkdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb.
Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi çıxış edərək iştirakçıları salamlayıb, muzeydə yaradılmış Vətən müharibəsi fondu və tədbirin əhəmiyyəti barədə danışıb.
Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin anası Radə Qurbanova da çıxış edib. O, şəhid övladlarının və ümumilikdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyini vurğulayaraq, belə tədbirlərin keçirilməsinə görə Milli Azərbaycan Tarixi Muzeyinə təşəkkürünü bildirib.
Müsabiqə-sərgiyə təqdim edilən işləri Milli İncəsənət Muzeyinin bərpaçı-rəssamı, Əməkdar rəssam Natiq Səfərov, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktor müavini, Rəssamlar İttifaqının üzvü Nazim Məmmədov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Samir Sadiqov və Milli Azərbaycan Tarixi Muzeyinin Təsviri materiallar fondunun müdiri, memarlıq üzrə fəlsəfə doktoru Nardanə Yusifovanın daxil olduğu münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Kurator A. Babayeva diqqətə çatdırıb ki, bu müsabiqə 2021-ci ildən etibarən, artıq beşinci dəfə təşkil olunur.
Tədbirin sonunda qaliblər elan olunub: I yer – Suel Babazadə; II yer – Nəzrin Əliyeva; III yer – Əsra Əlizadə (hər üçü Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyası).
Qaliblərə fəxri fərmanlar, bütün iştirakçılara sertifikatlar təqdim olunub.
Tədbir Zəfər Gününə həsr olunmuş musiqi ifaları ilə yekunlaşıb.
Tədbirdə AMK-nın nəzdində İncəsənət Gimnaziyasının şagirdləri, Sumqayıt şəhəri 2 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin üzvləri, gənc rəssamlar, incəsənət xadimləri, muzey əməkdaşları iştirak ediblər.






















