Milli İncəsənət Muzeyində “Azərbaycan incəsənət xəzinəsi” adlı yeni daimi ekspozisiyanın açılış mərasimi keçirilib. 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Zəfərin 5 illiyi münasibətilə noyabrın 5-də təqdim edilən yeni ekspozisiya qədim və zəngin mədəni irsimizi nümayiş etdirir.

Bu barədə Milli İncəsənət Muzeyindən məlumat verilib.

Mərasimdə muzeyin direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru  akademik Nailə Vəlixanlı, Xalq rəssamı Salhab Məmmədov çıxış ediblər.

Çıxışlarda Zəfər Günü ərəfəsində açılan daimi ekspozisiyanın əhəmiyyəti, Azərbaycan xalqının dünya mədəniyyət xəzinəsinə bəxş etdiyi nadir sənət incilərindən ibarət sərginin təkcə incəsənət hadisəsi deyil, həm də milli qürurun, azadlıq və qalibiyyət ruhunun bədii təcəssümü olduğu vurğulanıb

Sonra qonaqlar ekspozisiya ilə tanış olublar.

Ekspozisiyada Azərbaycan incəsənətinin Tunc dövründən başlayaraq XIX əsrədək keçdiyi inkişaf yolu ardıcıl və elmi əsaslarla təqdim olunur. Azərbaycan xalq sənətkarlığının bənzərsiz nümunələri – zərgərlik, bədii tikmə sənəti, milli geyimlər öz nəfis gözəllikləri ilə diqqəti cəlb edir. Quba–Şirvan, Gəncə–Qazax, Qarabağ və Təbriz xalça qruplarına aid eksponatlar milli ruhun, bədii yaradıcılığın və estetik düşüncənin heyrətamiz təzahürləridir.

Azərbaycan incəsənətində xüsusi yer tutan, saray incəsənətinin parlaq nümunəsi olan Səfəvilər, Şərq və Qərb təsvir üslubunun mükəmməl sintezinin əldə edildiyi Qacarlar dövrünə aid keramika, bədii kaşı, Şərqin böyük ədiblərinin əsərlərinə, müxtəlif əlyazmalara çəkilmiş miniatür sənəti nümunələri, milli təsviri sənətdə dəzgah rəngkarlığının banisi Mirzə Qədim İrəvani, görkəmli rəssam və xəttat Mir Möhsün Nəvvabın və digər ustad sənətkarların əsərləri XVI-XIX əsrlərin dekorativ və təsviri sənətinin inciləri kimi təqdim olunmaqla milli rəssamlıq tarixinin parlaq səhifələrini əks etdirir.