Noyabrın 5-də Milli Kitabxanada Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Bu barədə kitabxanadan məlumat verilib.
Milli Kitabxananın direktoru professor Kərim Tahirov çıxış edərək AMEA ilə kitabxana arasında çox sıx əlaqələrin olduğunu söyləyib. O, Milli Kitabxanada AMEA-nın yubileyi ilə əlaqədar bir sıra tədbirlər və kitab təqdimatları keçirildiyini və bugünkü tədbirin həmin silsilənin yekunu olduğunu bildirib. Direktor əlavə edib ki, son illərdə Milli Kitabxananın fonduna daxil olan kitabların 30 faizi AMEA tərəfindən nəşr olunan elmi əsərlərdir.
Kərim Tahirov Milli Kitabxananın hər il çap etdiyi biblioqrafiyaların Azərbaycan elminin inkişafında, AMEA alimlərinin tədqiqat fəaliyyətində də mühüm rol oynadığını söyləyib.
Direktor dahi Azərbaycan şairi Nizami Gəncəvinin 1378-ci ildə köçürülmüş “Xəmsə”nin Türkiyənin Topqapı Sarayı Muzeyində saxlanılan nadir nüsxəsinin surətini yubiley münasibətilə AMEA-ya hədiyyə edib.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli qeyd edib ki, Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley tədbirində çıxışı Azərbaycan elminin, milli ziyalıların və ictimai fikrin qarşısına böyük vəzifələr qoyur. Prezidentin çıxışında XXI əsrin çağırışlarına uyğun olaraq süni intellekt, rəqəmsal inkişaf, kibertəhlükəsizlik kimi aktual məsələlərlə bağlı irəli sürdüyü fikirlər alimlərimizin və yeni nəslin diqqət mərkəzində olmalı, bu sahələr müstəqil Azərbaycanın inkişafını təmin edən əsas istiqamətlərə çevrilməlidir.
O, Azərbaycan Milli Kitabxanasını ölkəmizdə “ikinci Akademiya” adlandırıb.
Türkiyə Elmlər Akademiyasının prezidenti professor Muzaffer Şeker və Gürcüstan Milli Elmlər Akademiyasının prezidenti akademik Roin Metreveli AMEA-nın 80 illik yubileyi münasibətilə akademik İsa Həbibbəylini təbrik edərək, akademiyanın gələcək fəaliyyətində yeni uğurlar arzulayıblar.
Tədbir çərçivəsində Milli Kitabxananın əməkdaşları tərəfindən hazılanan “Azərbaycan Milli Elmlər Akademiyası - 80” adlı elektron məlumat bazasının və virtual sərginin təqdimatı olub.
Qonaqlar “Azərbaycan Milli Elmlər Akademiyası- 80” adlı ənənəvi kitab sərgisi ilə də tanış olublar.
























