Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nəriman Nərimanovun xatirə muzeyində "Tarixdə yaşayan Qələbə" adlı tədbir keçirilib.

Tədbirdə Vətən müharibəsi qazisi İsmayıl Əhmədzadə, şəhid Sübhan Abdurrahmanlının anası Mehriban Abdurrahmanlı, şəhid Füzuli Əliyevin anası Fərasət Əliyeva, paytaxtın 128, 189-190 nömrəli orta məktəblərinin, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müəllim və şagirdləri, muzey işçiləri iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Muzeyin direktoru Ləman Hüseynova giriş sözündə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 2020-ci ilin Vətən müharibəsində qazandığı tarixi Zəfərdən, milli birliyimizdən, işğaldan azad olunmuş ərazilərdə gedən quruculuq işlərindən söhbət açıb.

Zəfər Günü ilə bağlı videoçarx nümayiş olunub.

Şəhid anaları övladlarının vətənpərvərliyindən, qəhrəmanlığından bəhs edib, xatirələrini bölüşüblər. Qazi İsmayıl Əhmədzadə keçdiyi döyüş yolundan danışıb.

Bədii hissədə şagirdlərin ifasında şeirlər, bədii kompozisiya və musiqi nömrələri təqdim olunub.

Sonda tədbir iştirakçıları təşəkkürnamə ilə təltif ediliblər.