Azərbaycan Dövlət Kukla Teatrı 8 Noyabr – Zəfər Günü münasibətilə “Açıq qapı” aksiyası keçirəcək.
Bu barədə teatrdan məlumat verilib.
Öz ənənəsinə sadiq qalan sənət ocağı Vətən müharibəsinin qəhrəman şəhid və qazilərinin, eləcə də hərbçilərin övladlarına həmin gün (saat 16.00) “Yeddi nar çubuğu” tamaşasını təqdim edəcək.
Azərbaycan xalq nağılının motivləri əsasında hazırlanan tamaşanın və mahnı mətnlərinin müəllifi mərhum publisist, şair, ssenarist Zülfüqar Rüfətoğludur (1958–2024). Müəllifin konflikt yaratması, məramı qüvvətləndirən hadisələr keçidini qurması və ən əsası, vahid məqsədə – tamaşaçını nağılın mahiyyətindəki birliyə, bərabərliyə səsləyən ideyasını ustalıqla obrazlar və mizanlar üzrə bölüşdürməsi tamaşanın ümumi tempini yüksək saxlayır.
Premyerası 2020-ci ilin yanvarında olmuş tamaşanın quruluşçu rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadədir.
Rejissor məişət nağılının ideyasından irəli gələn ibrətamiz hadisələr fonunda tamaşaçılara fərqli kukla texnikalarının köməyi ilə bitkin bir təsvir təqdim edə bilib. “Yeddi nar çubuğu”nda kölgə teatrı elementlərindən də istifadə edilməklə nağılın rəngarəng səhnə həlli ərsəyə gətirilib.
Obrazları teatrın aparıcı aktyorları – Əməkdar artistlər Rəhman Rəhmanov, Cəmilə Allahverdiyeva, aktyorlar Rəhim Rəhimov, Ramiz Qəmbərov, Yasin Abbasov, Araz Həsənli, Samirə Nəcəfova və Aygül Ağayeva canlandırırlar.























