Tarixdəki olaylar
5 noyabr 1919 – Türkiyənin Antep şəhəri Fransa qüvvələri tərəfindən işğal olunub. Bundan öncə, 1918-ci ilin dekabrında şəhər ingilislərin nəzarətinə keçmişdi. Fransız işğalı 1921-ci ilin dekabrınadək sürdü. Qurtuluş savaşında azad olunan şəhər qazilik ünvanı alaraq Qaziantep adlandırıldı.
5 noyabr 2000 – Azərbaycanda Milli Məclisə növbəti seçkilər keçirilib. Seçkilər majoritar (birmandatlı dairələr – cəmi 100 yer) və proporsional (partiya siyahıları üzrə – cəmi 25 yer) qaydada keçirilib. Rəsmi nəticələrə əsasən, proporsional sistem üzrə YAP birinci (16 yer), AXCP ikinci (4 yer) olmuşdu. Vətəndaş Həmrəyliyi Partiyası 3 yer, Kommunist Partiyası 2 yer qazanmışdı. Hakim partiyanın proporsional seçki siyahısına YAP sədrinin müavini İlham Əliyev başçılıq edirdi. Majoritar sistem üzrə nəticələri elan edilən 88 dairədən 54-də YAP təmsilçiləri qalib gəlmiş, həmçinin birmandatlı dairələr üzrə parlamentə 30-dək bitərəf deputat seçilmişdi.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
5 noyabr 1913 – İngilis aktrisası, “Oskar” mükafatçısı Vivyen Li (Vivien Leigh – Vivian Mary Hartley; 1913 – 5.7.1967) anadan olub.
5 noyabr 1925 – Türkoloq, filologiya elmləri doktoru Elməddin Məhəmməd oğlu Əlibəyzadə (1925 – 26.3.2015) Oğuz rayonunun Muxas kəndində anadan olub. “Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi” və s. əsərlərin müəllifidir.
5 noyabr 1938 – Yəhudi əsilli Fransa müğənnisi və bəstəkar Co Dassen (Joseph Dassin; 1938 – 20.8.1980) anadan olub.
5 noyabr 1948 – Satirik şair, qəzəlxan Baba Pünhan (Atababa Seyidəli oğlu Mədətzadə; 1948 – 17.4.2004) Bakının Kürdəxanı kəndində doğulub. Kitabları: “Acı həqiqət”, “Mən nə dedim ki...” və s.
5 noyabr 2001 – Xalq artisti Eldəniz Məmməd oğlu Zeynalov (1.1.1937 – 2001) vəfat edib. Filmlərdə, teatr və televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.
5 noyabr 2018 – Tanınmış musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Seyran Əmir oğlu Qafarov (2.10.1969 – 2018) vəfat edib.
Hazırladı: Vüqar Orxan






















