Noyabrın 4-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Vətən deyib döyüşdük, Zəfərlə geri döndük!” adlı tədbir keçirilib.
Muzeydən bildirilib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində və Vətən müharibəsinin 5-ci ildönümü münasibətilə təşkil olunan tədbir Zəfər salnaməmizin yazıldığı şanlı tarixi təbliğ etmək məqsədilə hazırlanıb.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Vətən uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Muzeyin elmi katibi Şəhla Məmmədova və əməkdaş Türkan Əliyeva çıxış edərək 44 günlük Vətən müharibəsindən söz açıblar.
Sonra müharibə həqiqətləri və Ordumuzun qələbə əzmindən, eləcə də “Böyük Qayıdış”dan bəhs edən videoçarxlar nümayiş etdirilib.
Tədbirin rəsmi hissəsində qazilər Hüseyn Məmmədov və Nahid Ağayev rəşadətli Ordumuzun gücü və xalqımızın bir amal uğrunda səfərbərliyi sayəsində əldə edilmiş parlaq qələbəmizdən bəhs edib, döyüş xatirələrini danışıblar.
Tədbirin bədii hissəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri Cəlal Səmədov, Rauf Məmmədzadə, Məryəm Babayeva, Hidayət Sadıqbəyli, Nigar Süleymanova vətənpərvərlik mövzusunda müxtəlif musiqi nömrələri ilə çıxış ediblər. Fortepianoda Ərtoğrul Balayevin müşayiəti ilə Atilla Məmmədli sözləri Nəbi Xəzriyə, musiqisi Müslüm Maqomayevə aid olan “Azərbaycan” mahnısını səsləndirib.
























