Milli Kitabxanada görkəmli türkoloq-alim, dilçi, ədəbiyyatşünas, professor Elməddin Əlibəyzadənin (1925–2015) 100 illiyi münasibətilə kitab sərgisi açılıb.

Kitabxanadan bildirilib ki, sərgidə alimin həyat yolu və elmi yaradıcılığı haqqında ədəbiyyatlar nümayiş olunub.

Alimin Azərbaycan-Şumer mədəniyyəti, Şumer-Babil mədəniyyəti, Azərbaycan yazı mədəniyyətinin yaranması və inkişafı, Orxon-Yenisey abidələri, dünya dinlərinin mənşəyi və təsir dairələri, ilk dini ədəbi abidə olan “Avesta”, “Bilqamıs” və “Dədə Qorqud” dastanları və digər məsələləri əhatə edən tədqiqat əsərləri sərgidə yer alıb.

Elməddin Əlibəyzadə İslama qədər Azərbaycan mədəniyyəti, Azərbaycan-Şumer mədəniyyətinin ümumi mənşəyi problemi, dünya və əsasən Azərbaycan yazı mədəniyyətinin yaranması və inkişafı, Orxon-Yenisey abidələrinin tərtibi prinsiplərinin müəyyənləşdirilməsi, Azərbaycan-türk bədii təfəkkürünün xüsusiyyətləri, dünya dinlərinin mənşəyi və təsir dairələri məsələlərinin tədqiqi ilə məşğul olub.

Alim 300-dən çox elmi əsərin, çoxlu sayda tarixi, nəzəri kitabların müəllifidir.