Respublika Gənclər Kitabxanasında “Dahi bəstəkar Üzeyir Hacıbəyli 140” adlı elektron baza yaradılıb.
Kitabxanadan bildirilib ki, elektron bazada bəstəkarın həyat və fəaliyyəti haqqında məlumat, bir sıra görkəmli şəxslərin onun haqqında söylədiyi dəyərli fikirlər, rəsmi sənədlərin tam mətni yer alıb.
Bəstəkarın müəllifi olduğu operaların, musiqili komediyaların, romansların, vokal əsərlərin və mahnıların siyahısı, layiq görüldüyü dövlət təltifləri haqqında məlumatlar təqdim edilib. Bazada “Üzeyir Hacıbəylinin Azərbaycanda musiqi təhsilinin inkişafında rolu”, “Bir millətin ruhunu nota danışdıran adam”, “Sənətkar ömrü” kimi məqalələrin tam mətni ilə yanaşı, müəllifi olduğu və onun haqqında müxtəlif dillərdə nəşr edilən kitab və məqalələrin siyahısı da verilib.
Kitabxana əməkdaşlarının hazırladığı elektron bazada “Dissertasiya və avtoreferatlar”, “İzomateriallar”, “Tələbələr”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Elektron resurslar”, “Səsyazmalar”, “Audio materiallar”, “Filmoqrafiya”, “Foto və video qalereya” kimi bölmələr də var.
Elektron baza ilə kitabxananın rəsmi saytında tanış olmaq mümkündür.
						















									




